Prezident Tokayevin rəsmi səfəri hər iki dövlətin gələcək qardaşlıq münasibətlərinə doğma, isti yanaşmasını əks etdirmiş oldu
Ükər Quliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxani Rayonu 30 nömrəli Ambulatoriyanın həkimi
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart tərəfindən Qazaxıstanın "Altın kıran"-"Qızıl qartal" ali ordeni təqdim olunub. Prezident İlham Əliyev bu təltiflə bağlı demişdir ki, “Mən çox fəxr edirəm ki, siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm.” Bu, əslində gələcək münasibətlərə ən yüksək pərdədən verilmiş reaksiyadır. Prezident Tokayevin Bakıya rəsmi səfəri hər iki dövlətin gələcək qardaşlıq münasibətlərinə doğma, isti yanaşmasını əks etdirmiş oldu.
Bizim keçmişimizi ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək etimad nümayiş etdirir. Dünya arenasında ölkələrimizin nüfuzu artır. Qazaxıstan da dünya bazarına Azərbaycan vasitəsi ilə çıxmaq istəyən dövlətlərdəndir. Belə görünür ki, Azərbaycan orta asiyada yerləşən türkdilli ölkələr üçün mühum bir alternativ təşkil etməkdədir. Ölkəmizin Vətən Müharibəsindən sonra yaratdığı reallıqlar və bu reallığın region ölkələrinə verəcəyi töhfələrdən Qazaxıstanda da yararlanmaq arzusundadır. Prezident Tokayevin əldə etdiyimiz zəfərlə bağlı təbriki də bunun bir nümayişi hesab oluna bilər. Eyni zamanda da Zəngəzur dəhlizinin açılması Qazaxıstanın maraqlarına birbaşa cavab verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yürütdüyü islahatlar kursunu Azərbaycanın tamamilə dəstəklədiyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, bu siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. İlin əvvəlində Qazaxıstanda ixtişaşlar baş verəndə Azərbaycanın qardaş xalqa mənəvi və siyasi dəstəyi unudulmur. Çətin günlərdən sonra Qazaxıstan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə Azərbaycan öz qardaşına dəstəyini əsirgəməyəcək. Artıq qazanılmış uğurlar Prezident Tokayevin seçdiyi kursun düzgün olmasına dəlalət edir.Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir.
Əminəm ki, qazaxlar qarşıya qoyulan bütün hədəflərə çatacaqlar. Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq. Bizim bir çox ortaq tərəflərimiz var və biz mənəvi dəyərləimizə hörmətlə yanaşaraq, onları yaşadacağıq.
Yaşasın Azərbaycan və Qazaxıstan qardaşlığı!