Xatirə Təhməzova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi
1992-ci il mayın 17-də xəyanətlə ittifaqa girən yağı düşmən bir zamanlar erməni quldurlarına qan udduran əfsanəvi xalq qəhrəmanlarının torpağı olan Laçını işgal etdi. Artıq bu sözəri geridə qoyub deyə bilərik ki, işğaldan azad edilmiş yurdlarımız əsl sahiblərini qarşılamaqdadır. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və nəhayət qayıdır.
31 illik işğaldan sonra ordumuzun şücaəti və prezidentimizin apardığı uğurlu siyasət nəticəsində döyüşsüz təhvil alınan Laçın şəhəri viran edilmiş vəziyyətdə idi. Aylarla aparılan yenidənqurma işləri nəticəsində Laçın bərpa olur və getdikcə gözəlləşir. Laçının bərpasında aparılan ən əhəmiyyətli işlərdən biri də hər bir yerin adının göstərilməsi və tanıdılması üçün küçələrə qoyulan nişanlardır.
Cavanların bəzisi, yeniyetmələrin, uşaqların hamısı işğal illərində dünyaya gəlmişdi. Onlar Laçını görməmişdilər. Buna görə də laçınlıların çoxu öz dədə-baba yurdunda yerlərin adını bilmir. Ona görə yurd yerlərində yaddaşı oyatmaq vəzifəsi əsas yaşlı adamların çiyninə düşmüşdü.
Artıq 234 ailə mayın 28-dən başlayaraq öz doğma torpaqlarına qayıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın Şəhəri Günü” elan edilib. Bu gün prezidentin də iştirakı ilə Laçında təmtəraqla keçirilib. Neçə il başqa şəhərlərə, qəsəbələrə, kəndlərə sığınmış laçınlılar iri köç maşınlarında doğma yurd-yuvalarına qayıdırdılar.
Köçürülən ailələr Laçın şəhərində əvvəllər yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Onların dogma torpaqlarına könüllü və təhlükəsiz köçürülməsi isə dövlət başçısının apardığı mahir siyasətlə bağlıdır.