BMT Baş Assambleyasında dərin, məzmunlu və strateji məqamları özündə ehtiva edən nitq

BMT Baş Assambleyasında dərin, məzmunlu və strateji məqamları özündə ehtiva edən nitq

Yeganə Maqsudova

YAP Suraxanı rayon təşkilatının sədr müavini

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısının nitqi Azərbaycanın keçdiyi tarixi yolun beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Ümumiyyətlə, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin nəticələri təkcə XX əsrin sonlarında baş vermiş tarixi faciə ilə məhdudlaşmır, həm də gələcək üçün fundamental dərs xarakteri daşıyır. Bu hadisələr beynəlxalq münasibətlər sistemində bir daha təsdiq etdi ki, beynəlxalq hüququn səmərəliliyi qətnamə və bəyanatların qəbul edilməsi ilə deyil, onların praktiki icrası ilə müəyyən olunur. Qəbul edilmiş sənədlərin illərlə kağız üzərində qalması beynəlxalq hüququn icra mexanizmlərinin zəifliyini üzə çıxarmışdır. 

Prezident İlham Əliyevin məsələ ilə bağlı sentyabrın 25-də BMT baş Assambleyasında söylədiyi dərin məzmunlu və strateji məqamları özündə ehtiva edən nitqində həmin kontekstdə aktual fikirləri ifadə edib .“Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı”.

Azərbaycan isə 44 günlük Vətən müharibəsi ilə sübut etdi ki, beynəlxalq hüququn tətbiqi uzun müddət yubansa da, ədalət prinsipi gec-tez bərqərar olur.Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipləri kimi qəbul olunur. Lakin bu prinsiplərin praktik müstəvidə təmin olunması çox vaxt mürəkkəb siyasi, hərbi və diplomatik amillərlə şərtlənir. Azərbaycan Respublikasının son illərdə əldə etdiyi nailiyyətlər isə göstərdi ki, beynəlxalq hüququn müddəaları sadəcə nəzəri norma deyil, reallıqda bərqərar ola bilən və mütləq üstünlüyə malik olan hüquqi əsasdır. 

Nəticə etibarilə, son illərdə əldə edilən nailiyyətlər Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, beynəlxalq hüququn aliliyinin təmin olunmasının da sübutudur. Bu fakt göstərir ki, beynəlxalq hüquq universal norma kimi mövcud olmaqla bərabər, dövlətlərin iradəsi və qətiyyəti sayəsində real siyasi-hüquqi nəticələr doğurmaq gücünə malikdir. Beynəlxalq hüququn aliliyi yalnız bir xalqın deyil, bütün bəşəriyyətin mənafeyinə xidmət edir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında  səsləndirdiyi çoxistiqamətli və hərtərəfli nitqi bunun bariz nümunəsidir.  “Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”.

Dövlət başçısı azad olunmuş ərazilərdə işgalçının törətdiyi humanitar fəlakətdən və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən bərpa-quruculuq işlərini rəqəmlərlə diqqətə çatdırdı. Bunun özü də dünya üçün nadir nümunələrdəndir. Dövlət başçısının çıxışında Azərbaycan-BMT arasında uğurlu əməkdaşlıqdan, buna ölkəmizin verdiyi töhfə, dünyanı narahat edən problemlər və çıxış yolları qeyd olundu.

Sonda Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi nitqi yeni inkişaf erasının proqram sənədi kimi səciyyələndirilə bilər. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq” çağırışı beynəlxalq ictimaiyyət üçün daha bir mühüm mesaj oldu.