Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri daha da sürətlənib

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri daha da sürətlənib

Məcid Rəsulov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 140 nömrəli tam orta məktəbin direktoru

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər qazandırır. Başqa sözlə, bu forum Azərbaycanda həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırır, respublikamıza investisiyaların və texnologiyaların axınına zəmin yaradır, dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyəti gücləndirir, bununla da onların ölkəmizə olan marağını daha da artırır. Dünyanın aparıcı şirkətləri, qlobal iqtisadiyyatın trendlərini müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Ümumiyyətlə, ölkəmizə investorların cəlb edilməsi, respublikamızın iqtisadi potensialının təbliğ olunması baxımından forum olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev: ”Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.”

Dünya İqtisadi Formunun builki gündəliyində beş tematik mövzu diqqət çəkir. Enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji və ərzaq böhranlarının həlli əsas prioritet müzakirə mövzularından biridir. Digər müzakirə mövzusu isə yüksək in­flyasiya, aşağı artım, yüksək borclu iqtisadiyyatlar kimi problemlərin həllində rol oynayan investisiyanın, ticarətin və in­frastrukturların yeni sistemlər vasitəsilə inkişaf yollarıdır. Həmçinin Dördüncü Sənaye İnqilabı (4İR), iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya, dayanıqlılığı artırmaq üçün potensial texnologiyalardan istifadə ətrafında mövzular DİF-in gündəliyindədir. Bütün bunlarla yanaşı, qlobal iqtisadi böhran çərçivəsində iş yerlərinin bağlanması, məşğulluğun azalması, real gəlirlərin düşməsi kimi sosial problemlərin təhsilə, insan kapitalına və səhiyyəyə investisiyaların artırılması ilə aradan qaldırılmasının mümkünlüyü də müzakirə mövzusudur.

Ümumiyyətlə, dünyanın ən böyük iqtisadi platforması sayılan Davos İqtisadi Forumu Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından hər zaman mühüm önəm daşıyıb. Forumda Azərbaycan brendinin dünyaya tanıdılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı obyektiv məlumatların çatdırılması qarşıda prioritet vəzifə kimi durub. Son illərdə Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər görülüb. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyəti nəzərə alınaraq, iri transmilli layihələrin, o cümlədən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşması diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri daha da sürətlənib, Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlər həyata keçirilib.   

Politoloqların rəylərinə əsasən, Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə göstəricilərinin son illər ərzində artması təbii ki, bu Forum daxilində iştirak edən iqtisadi, nəqliyyat və beyin mərkəzləri üçün olduqca cəlbedicidir. Bu göstəricilər son yarım il ərzində Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın aktuallığını bir daha ortaya qoydu. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan məhz bu müharibə nəticəsində iqtisadi rentabelliyini itirmiş ənənəvi marşrutları uğurla əvəzləmək iqtidarına malikdir. Ölkəmiz həm də tranzit ölkə kimi, hava, dəniz, dəmiryolu və avtomobil daşımalarında mühüm aktor kimi çıxış edir. Çindən Avropaya qədər uzanan ticarət yolunun ən optimal variantı məhz Azərbaycan üzərindən keçir. Zəngəzur dəhlizinin açılması ilə bu optimallıq, eyni zamanda, iqtisadi dividendlərin artması ilə sintez olunacaq. Şərqi Zəngəzur iqtisadi rayonunda yeni nəqliyyat qovşağının yaradılması isə bu istiqamətdə daşınan yüklərin daha tez və iqtisadi cəhətdən sərfəli olmasını sığortalamış olacaq.

Son bir il ərzində Avropa və Orta Asiya məkanında bir sıra təşkilatlar və institutlarla əməkdaşlıq Azərbaycanın iqtisadi göstəricilərinin artımına müsbət təsir edib. Eyni zamanda, ərəb dövlətləri ilə əməkdaşlığın artırılması da Azərbaycana yeni investisiyaların yatırılması və bu regionda ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsi ilə müşahidə olunur. Təbii ki, qeyd olunan bütün bu faktlar Davos Forumunda Azərbaycanla əməkdaşlıq etmək və müvafiq sahələrdə yatırımlar və infrastruktur qurmaq istəyən dövlətlər üçün vacib göstəricilər hesab olunur. Artıq dünən dövlətimizin başçısı bir sıra şirkətlərlə görüşlər keçirdi. “Fortescue Future Industries” şirkəti ilə keçirilən görüşdə isə Azərbaycanın Energetika Nazirliyi ilə ötən ay imzalanan Memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrası bir daha vurğulandı. Bununla yanaşı, Azərbaycanın enerji ixracında yaşıl enerjinin Avropaya çatdırılması məsələsi də müzakirə olundu. Digər daha vacib bir görüş isə Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə baş tutub. Görüş zamanı Azərbaycandan keçən tranzit yüklərinin həcminin 75 faiz artdığı və gələcəkdə bu rəqəmin daha da artırılması üçün ölkəmizin vacib nəqliyyat infrastrukturuna malik olduğu qeyd olunub.

Əlavə olaraq, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Sözü gedən Razılaşma Azərbaycanın sosial-iqtisadi həyatının inkişafına daha da müsbət şərait yaradacaq. Dövlətimizin sosial siyasətinin və sosial fəaliyyət sferasının əsas istiqamətlərini və tərkib hissəsini təşkil edən təhsil, sosial müdafiə, mədəniyyət və incəsənət və s. qeyri-istehsal sferasına daxil olmaqla bu sahələrdə maddi istehsal baş verməsə də, maddi istehsalın inkişafına fəal təsir göstərir. Bu baxımdan da sosial-mədəni sahələrin, sosial infrastrukturun daim inkişaf etdirilməsinə dövlət böyük əhəmiyyət verir.

Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.