Prezident İlham Əliyev kiçik ada dövlətlərinin gələcəyinə böyük ümidlər bəsləyir
Günel Atakişiyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Dünyanın 196 ölkəsindən 72 min iştirakçının, o cümlədən 80 prezidentin, vitse-prezidentin və baş nazirin qatıldığı BMT-nin İqlim dəyişikliyi üzrə 29-cu Konfransı (COP 29) noyabrın 11-də öz işinə başladı. Qeyd edək ki, COP 29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar 2023-cü ilin dekabrında 200-ə yaxın dövlətin birgə razılığı ilə qəbul olunmuşdu. Konfransın işində bir çox diqqət çəkən məqamlar içərisində Azərbaycan dövlət başçısı İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bütün zalın alqışları ilə müşahidə olunan çıxışı oldu.
Prezident cənab İlham Əliyev çıxışının əvvəlində vurğuladı ki, Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətləri yeni - daha yüksək səviyyədə inkişaf edir. Ölkə başçısı eyni zamanda qeyd etdi ki, bu dövlətlərin səsi qlobal səhnədə daha aydın eşidilməlidir. Azərbaycan öz sarsılmaz dəstəyini bu dövlətlərə göstərməklə bir daha humanizm prinsiplərinə sadıq olduğunu nümayiş etdirir. Bir çox kiçik ada dövlətlərinin vətəndaşları Azərbaycan universitetlərində təhsil alır və bizim təqaüd proqramından faydalanırlar .
Azərbaycan Qoşulmamaq Hərəkatına sədrlik etdiyi dövrdə konkret olaraq 20-yə yaxın kiçik ada ölkəsinə yardım göstərib.Dövlət başçısı vurğuladı ki, bu ilin sentyabrında İtkilər və Zərərlər Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Artıq bu ölkələrə dəstək məqsədilə Azərbaycan 10 milyon dollar vəsait ayrılması ilə bağlı qərar qəbul etmişdir. Cənab İlham Əliyev inkişaf etmiş bütün ölkələrə, xüsusilə müstəmləkə keçmişi olan ölkələrə müraciət edərək onları kiçik ada dövlətlərinə maddi və mənəvi yardım göstərməkdə daha fəal olmağa çağırdı. Eyni zamanda o,təəssüflə qeyd etdi ki, neokolonializm və iqlim dəyişikliyi aspektində bəzi dövlətlərin, o cümlədən Fransanın və Hollandiyanın dənizdə olan əraziləri, konkret Sakit okeanda və Karib dənizində olan əraziləri ciddi çətinliklərlə üzləşib.Onlar iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qalıblar. Çox təəssüf ki, həmin dövlətlərin səsləri hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir. Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən özünü idarə edən ərazilər kimi tanınsa da, problemlər davam etməkdədir.
1996-cı ildə Fransa Polineziyası çox ağır deqradasiya ilə üzləşib. Fransa tərəfindən bu ərazidə çoxsaylı nüvə sınaqları aparılıb. Əgər Əlcəzairdə işğal zamanı 17 nüvə sınağı keçirildiyini nəzərə alsaq, onda həmin Avropa dövlətinin hazırkı dönəmdə törətdiklərinə dünya birliyinın göz yumması başa düşülən deyil. Bir məsələ də çox maraqlı və düşündürücüdür ki, Cozef Borrell Avropanı bağ, dünyanın qalan hissəsini cəngəllik adlandırır. Belə olan halda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası bu düşüncə tərzinə loyal yanaşırsa, onda onlardan nə gözləmək olar?Azərbaycan Prezidentinin çıxışındakı hər ifadə diqqət və maraqla dinlənilmiş, bütövlükdə Lider səviyyəsində deyilən, sözünə hakim olan Şəxsiyyət səviyyəsində bir vacib mesaj kimi təsdiqlənmişdir.