Prezident İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə qaldırıb

Prezident İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə qaldırıb
Nigar Qasımzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
Ötən ilin bu günündə, yəni 2023-cü 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndiyə qürurla, qalib sərkərdəyə xas fərəhlə daxil olmuşdu. O gündən etibarən Xankəndi şəhərinin mərkəzi meydanında dalğalanan Azərbaycan bayrağı mənfur düşmənlərin yüz illər boyunca qurduğu planları birdəfəlik iflasa uğratdı.
Azərbaycan xalqı ermənilərin öz dədə-baba yurdlarını zəbt etməsinə baxmayaraq, baş verənlərə səbirlə yanaşırdı. Müharibənin ağrı-acısını yaxşı dərk edən Azərbaycan xalqı münaqişənin həllində sülhdən yana idi və 30 il boyunca vasitəçilərə ümid edirdi. 2020-ci ildə Azərbaycanın səbir kasası daşdı və xalq-hakimiyyət dəmir yumruğu altında birləşərək düşmənin başını əzdi. Nəhayət, 44 günlük müharibə və sonrasında baş verən hərbi-siyasi fəaliyyətlər sayəsində xalqımız öz ləyaqətini bərpa etdi.
Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda öz qarşısına bir nömrəli vəzifə qoymuşdu. Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmalıdır. Xankəndində dalğalanan bayraq isə bu vəzifənin qürurla və şücaətlə yerinə yetirildiyinin bariz nümunəsidir.
Keçən ilin bu mühüm hadisəsi dünya mediasında da işıqlandırılmış, Türkiyənin Anadolu Agentliyi, “TRT Haber”, “NTV”, Haber Global, “Hürruyet”, “CNN türk”, “İHA”, “Sözcü”, “Habertürk”, “YeniAkit”, “Yeniçağ”, “Sabah” və bir çox digər media qurumları tərəfindən yayımlanan xəbərlər “Xankəndidə Azərbaycan Bayrağı ucaldıldı”, “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə və Xocalıda qaldırıb” kimi başlıqlarla verilmişdi.
Xankəndi – Azərbaycanın tarixi məkanı olan bu şəhər hər bir azərbaycanlının qürur mənbəyidir. Bu ad bizim üçün çox şey ifadə edir. Əvvəllər Xankəndi sözünü eşidən hər bir həmvətənimizin ürəyi sızıldayırdı. Lakin bu sızıltı, ağrı-acı artıq aradan qalxdı, doğma torpaqlarımız düşmən tapdağından azad olundu.
Bayrağımızın ana yurdun hər yerində dalğalanmasından böyük qürur hissi keçirir, torpaqlarımız uğrunda canını qurban verən bütün şəhidlərimizin ruhunun şad olmasına görə bu gün ürəyimiz dinclik tapır. Ana yurdumuz Azərbaycana hər zaman qələbələr yaraşır!