Prezident bütün fəaliyyəti boyu doğma dilimizə yüksək diqqət və qayğısını qürur hissi ilə büruzə verib
Kəminə Zalova
Bakı şəhər 232 nömrəli tam orta məktəbin müəllimi
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Milliyətcə müxtəlif xalqlara mənsub olan bir çox dahilərin ümumiləşmiş, ortaq bir fikri var : “Dil məxsus olduğu xalqın kimliyi, milli varlığının sübutudur. Doğma dilini milli sərvətə çevirməyi bacaran, onu dövlət dili səviyyəsinə yüksəldə bilən xalqlar isə dövlətçilik tarixinin ən önəmli şərtlərindən birini həyata keçirmiş olurlar.”
Milli özünütəsdiq aktına imza atmağı bacaran millətin nümayəndəsi olaraq bu gün hər bir azərbaycanlı qürur hissi keçirməyə layiqdir. Ədəbiyyatda Bəxtiyar Vahabzadələrin, Xəlil Rzaların, Məmməd Arazların, siyasətdə Heydər Əliyev kimi dahilərin qətiyyətli addımları Azərbaycan dilinin ən çətin anlarda sığortalaya bildi. Ulu Öndər milli varlığımızın simvolu olan dilimizin saflığı, sərbəst istifadə dairəsinin formalaşması üçün həm siyasi müstəvidə, həm də real həyatda şəxsi nümunə olaraq çox mühüm addımlar atıb. Bu gün biz Azərbaycan dilinin genişmiqyaslı inkişafını, işlək bir dil olaraq fəaliyyət göstərməsini, beynəlxalq aləmdə istifadə imkanı əldə etməsini məhz Ulu Öndərin vaxtı ilə həyata keçirdiyi uzaqgörən siyasətinə borcluyuq.
Hələ şovinist siyasət yürüdən SSRİ hakimiyyəti dövründə 1978-ci il Konstitusiyasında dilimizin dövlət dili kimi qəbul etdirilməsi mühüm hadisə idi . Lakin dilimizin əsl dövlət dili kimi fəaliyyət göstərə bilməsi ümumilli liderin ikinci dəfə hakimiyyətə qayıdışı zamanı həyata keçirdiyi fəaliyyətlə mümkün oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bununla da dahi siyasətçi doğma dilimizə dəyişməz mövqeyini bir daha təsdiq etdi. Bu addım həm də dil sahəsində digər mühüm sənədlərin qəbul edilməsinə təkan oldu. Dövlət dili işinin təkmilləşdirilməsi haqqında “18 iyun 2001-ci il tarixli fərman, 2002-ci il 30 sentyabr tarixdə qəbul edilən “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu məhz belə rəsmi sənədlərdən biri oldu.
Bu gün istifadə etdiyimiz əlifbamızda milli sərvətimizdir. Hal-hazırda ölkə ərazisində tətbiq edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti zamanında istifadə edilib. Lakin SSRİ hakimiyyəti dövründə, 70 il ərzində Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyin bərpasından sonra gərgin müzakirələr nəticəsində ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olundu. Bu əlifbanın tətbiqi həm elm və mədəniyyətin inkişafında, həm də tarixi qaynaqların araşdırılmasında müstəsna rol oynadı.
Heydər Əliyev siyasi kursunun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün fəaliyyəti boyu doğma dilimizə yüksək diqqət və qayğısını qürur hissi ilə büruzə verib. Cənab Prezident zəngin dilimizin heç bir xarici kəlməyə ehtiyac olmadığını vurğulamaqla dilimizin saflığı keşiyində durduğunu bəyan etdi. Dil ilə bağlı silsilə sərəncam və fərmanlar, eləcə də müxtəlif tədbirlərdəki çıxışlar zamanı səsləndirilən qiymətli fikirlər ana dilimizə verilən yüksək dəyərin sübutudur. Dövlət başçısının aşağıdaki fikirləri Ulu Öndər Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikrinin məntiqi nəticəsidir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”