RƏSMİ İRƏVANIN MİNA TERRORUNUN ACI FƏSADLARI
Solmaz Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 280 saylı körpələr evi və uşaq bağçasının müdiri
Möhtərəm Prezidentim cənab İlham Əliyevin Qarabağ İqtisadi rayonunda cəmi bir günə erməni təxribatının qarşısını alıb, Azərbaycanın suverenliyinə nail olduqdan sonra xalqa müraciətində xüsusi vurğuladığı kimi, Ermənistan 10 noyabr sülh sazişindən irəli gələn müddəaları yerinə yetirmək əvəzinə, mina terroru ilə məşğul olmuşdur. Belə ki, 44 günlük Vətən Müharibəsi başa çatandan sonra Azərbaycanın mina qurbanlarının sayı 290 nəfəri keçib. Onlardın 3 nəfəri jurnalistlərdir.
Bu yaxınlarda Şuşanın Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilərin basdırdığı minaya düşüb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
44 günlük müharibədən sonra partlayan minaların böyük əksəriyyəti 2020-ci ildən sonra Ermənistanda istehsal olunub: “SSRİ dövründə əsas mina zavodlarından biri Ermənistanın paytaxtı İrəvanda inşa edilmişdi. O zavod hələ də mina istehsal edir. Həmin partlayıcı qurğular Azərbaycan torpaqlarında basdırılır. Ermənistanın Azərbaycana verdiyi mina xəritəsinə əsasən deyə bilərik ki, təkcə Ağdam və Füzulidə 97 min mina basdırılıb.
Hərbi ekspertlərin dediyi kimi: “Mina basdırılmasını orduda qeyri-peşəkarlara, həvəskarlara tapşırmırlar. Çünki bu, ermənilərin özlərinin minaya düşməsinə səbəb ola bilərdi. Müharibədən sonra minalara yalnız azərbaycanlıların düşməsi təsadüfi deyil. Bu, Ermənistanın Azərbaycana qarşı mina terroru aparmasından xəbər verir. 2022- ci ildə Kəlbəcərdə iki jurnalist ermənilərin basdırdığı minaya düşərək həlak oldular. Təəssüf ki, Qərb dövlətləri, beynəlxalq təşkilatlar ermənilərin mina terroruna göz yummaqda davam edir.
Rəşadətli ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması ilə Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis etdi. Düşmənin təslim olması ilə noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə müəyyən öhdəliklərin əks olunduğu atəşkəs sazişini imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam qansız-qadasız geri qaytarıldı. Təəssuf ki, Ermənistan yenə də beynəlxalq hüquq normalarına əməl etmədi. Ona görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etməli oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etdiyi kimi “Əgər ermənilər təxribatlara davam etsələr, dəmir yumruq yenə də başlarına dəyəcək”. Baş verən təxribatın son həddi sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub.
Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdı. Buna cavab olaraq, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanmışdır.
Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırmışdı. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır.
Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Prezidentimizin də vurğuladığı kimi, Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlax şəhərində dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Hazırda Lokal antiterror əməliyyatının uğurla başa çatması, qanunsuz erməni silahlı dəstələrinin təslim olması nəticəsində Yevlaxda aparılan danışıqlardan sonra, terrorçu Ermənistandan fərqli olaraq, Azərbaycan Xankəndi və ətraf ərazilərdə yaşayan erməni sakinlərini hər cür yardımla öz himayəsinə götürüb. Azərbaycan bir daha dünyanın siyasi elitasına öz gücünü göstərmiş oldu. Bəli, bizim Zəfərimiz əbədidir, sarsılmazdır!