Praqada danışıqların yekununda bəyanat ölkəmizin diplomatik qələbəsidir

Praqada danışıqların yekununda bəyanat ölkəmizin diplomatik qələbəsidir
Elnarə Cəbrayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Çex Respublikasının Baş naziri Petr Fiala tərəfindən “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün dəvət olunmuşdur. Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olundu. 
Dördtərəfli görüş zamanı önəmli məsələlərlə bərabər, görüşlərin əsas məqsədi kimi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması barədə də müzakirə aparılmışdır. Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətinin parlaq qələbəsidir.
Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.”
Bəllidir ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri mövcud vəziyyəti çox gözəl ifadə edir. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Bəli, məhz cənab Prezident İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və prinsipiallığı reallığı dünya ictimaiyyətində qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir.
Praqada əldə olunan ən mühüm razılıqlardan biri də ondan ibarətdir ki, yaradılacaq sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan bu missiyadan öz maraqlarına uyğun şəkildə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Bu gün Fransanın tərəf kimi Azərbaycanın təklif etdiyi sülh gündəliyinin həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirakı şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Bu o deməkdir ki, artıq dünya gücləri Azərbaycanın tarixi qələbəsindən doğan reallıqları qəbul edir.