Poladdan Fiber-Optikə, Neftdən Yaşıl Enerjiyə Uzanan Körpü
Xədicə Səmədzadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 87 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini
Qlobal geosiyasətin və iqtisadi xəritələrin yenidən formalaşdığı bir dövrdə, regionlararası bağlantıların gücləndirilməsi artıq sadəcə iqtisadi seçim deyil, həm də strateji zərurətdir. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Prezident İlham Əliyevin proqram xarakterli çıxışı bu reallığı növbəti dəfə bütün qətiyyəti ilə gündəmə gətirdi.
Dövlət başçısının mesajlarından aydın görünür ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gələcək mərhələsi adi ikitərəfli əlaqələrin çərçivəsini çoxdan aşıb. İndi hədəf daha qlobaldır: regionda vahid nəqliyyat, enerji və kommunikasiya məkanının formalaşdırılması.
Bu nəhəng coğrafi inteqrasiyada Xəzər dənizi sadəcə iki sahili ayıran su hövzəsi deyil, qitələri və sivilizasiyaları birləşdirən xüsusi strateji körpüdür. Xəzərin hər iki tərəfində qurulan müasir nəqliyyat infrastrukturu, Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxaran ən təhlükəsiz və səmərəli marşruta çevrilir. Rəsmi Bakının illərdir dəniz və hava limanlarına, dəmir yollarına və magistrallara yatırdığı milyardlarla dollarlıq investisiyalar bu gün bu böyük coğrafi bağlantının əsas infrastruktur sütunlarını təşkil edir.
Bu tərəfdaşlığın onurğa sütununu isə, şübhəsiz ki, Orta Dəhliz təşkil edir. Ənənəvi qlobal ticarət marşrutlarının böhran yaşadığı, alternativ və dayanıqlı logistika xətlərinə tələbatın pik həddə çatdığı bir vaxtda, Mərkəzi Asiya–Xəzər–Azərbaycan istiqaməti beynəlxalq arenada əvəzolunmaz çəki qazanır. Tranzit yükdaşımalarının həcmində qeydə alınan davamlı artım bu potensialın artıq kağız üzərində deyil, praktikada işlədiyinin ən bariz sübutudur. Lakin hədəf yalnız mövcud yük axınını artırmaqla məhdudlaşmır; əsas məqsəd Orta Dəhlizi rəqəmsal idarəetmə, çevik gömrük və modern logistika imkanları ilə daha sürətli, səmərəli və rəqabətqabiliyyətli bir xəttə çevirməkdir.
Bu böyük vizyonun ən həyecanverici və innovativ tərəfi isə regionun rəqəmsal gələcəyidir. “Rəqəmsal İpək Yolu” layihəsi bu əməkdaşlığa tamamilə yeni bir ölçü qazandırır. Xəzərin dibi ilə çəkilən fiber-optik magistral xətləri sadəcə meqabaytların ötürülməsi deyil, Azərbaycan və Mərkəzi Asiyanı qlobal data mərkəzlərinə çevirəcək strateji rəqəmsal bağlantıdır. Beləliklə, yerüstü polad relslər və magistrallar sualtı optik xətlərlə birləşərək bütöv bir iqtisadi ekosistem yaradır.
Təbii ki, bu geoiqtisadi arxitekturanın dəyişməz və fundamental sütunlarından biri energetikadır. Azərbaycan bu gün Mərkəzi Asiyanın zəngin enerji resurslarının qlobal bazarlara şaxələndirilmiş yollarla çıxarılmasında əvəzolunmaz tranzit qovşağıdır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqli Xəzərin iki sahili arasındakı enerji əlaqələrinin praktiki gücünü nümayiş etdirir. Üstəlik, tərəfdaşlıq sürətlə təkamül edir.