Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Hər bir xalq öz dili ilə tanınır. Azərbaycan dövlətinin də öz ana dili var. Bu dil “Azərbaycan dili” adlanır. Azərbaycan dili öz quruluşuna və imkanlarına görə daima zənginləşən bir dildir. Xalqımız bu dili illər boyu qoruyub saxlayaraq yetişməkdə olan gənc nəslə ötürür.
Tarix boyu Azərbaycan dili müxtəlif xarici təsirlərə məruz qalmışdır. Bu dili məhv edərək, bizdən söküb almaq istəyən qüvvələr çox olmuşdur. Amma buna baxmayaraq xalqımız öz güclü əqidəsindən, dilindən heç vaxt dönməmişdir. Biz analarımızın, nənələrimizin dilində, ana dilimizdə bayatılar, laylalar, nağıllar, atalar sözləri eşitmişik. Hər bir ailədə bu dil vasitəsilə ünsiyyət qurulub, milli və mənəvi dəyərlər yetişdirilib. Şifahi xalq ədəbiyyatı özü də ana dilimizin qorunmasında və inkişafında müstəsna rol oynamışdır.
Biz hazırda öz ana dilimizdə sərbəst danışırıq və yazırıq. Azərbaycanda təhsil öz ana dilimizdə aparılır. Bir çox beynəlxalq tədbirlərimiz Azərbaycan dilində təşkil olunur. Televizya verlişlərimiz müqəddəs ana dilinin fonetik normalarına uyğun bir şəkildə səslənir, qəzetlər ədəbi dilin qaydaları əsasında yazılır. Xalqımız öz dilini bu günə qədər göz bəbəyi kimi qoruyub saxlamışdır. Çünki bir müstəqil dövlətin dili əlindən alınarsa, məhv edilərsə bu həmin dövlətin süqutu deməkdir.
Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ana dilini sevən, ona hörmət edən və bütün çıxışlarında ancaq bu dildə danışmağa üstünlük verən Heydər Əliyev 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmasını elan etmişdir. Ulu öndər həmişə uşaqların milli ruhda tərbiyə almasını tövsiyyə edirdi. Çünki bu ruhda yetişən gənclər dəyərlərinə sahib çıxa, millətini, dilini, xaqlını qoruya bilərdi. Vətənpərvər kimi yetişən uşaqlar tarixini, keçmişini yaxşı bilər və yeri gələndə xalqını, dövlətini dünyanın hər yerində tanıda bilər. Bunun üçün də hər bir gənc milli adət və ənənələrə, dəyərlərə dərindən yiyələnməlidir.
Ulu öndər Gənclərin Birinci Forumundakı nitqində (1996-cı il) öz narahatlığını belə bildirmişdir “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən, gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!”.
Ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox müqəddəs fikirlər səsləndirmişdir. Ulu öndər həmişə gənclərimizin çox dil bilməsinin və savadlı olmasının tərəfdarı olmuşdur. Lakin, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməli olduğunu vurğulamışdır.
Çıxışlarının birində Ümummilli Lider demişdir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Doğma Azərbaycan dilimizi mənimsəmək hər bir Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır”.
Bu gün hər birimiz Azərbaycan dilinin qorunmasında öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. Ana dilinin qayda və normalarına mükəmməl yiyələnib, saf bir şəkildə gələcək nəslə ötürə bilməliyik.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.