Ölkə iqtisadiyyatının inkişafında elektroenergetika sahəsinin rolu
Səadət Seyidova
YAPSuraxanı rayon təşkilatının təəssübkeşi
Suraxanı rayon 290 nömrəli tam orta məktəbin müəllimi
Ölkə iqtisadiyyatının, onun sosial həyatının inkişafı bir çox mühüm amillərlə yanaşı elektrik enerjisi sistemi ilə də bağlıdır. Azərbaycanda elektrik enerjisindən söhbət gedərkən isə ilk növbədə xatırlanan məşhur Mingəçevir Su Elektrik Stansiyası olur.
Elektroenergetika sahəsində əsas şəhərimiz olan Mingəçevir Qafqazın mühüm enerji mənbəyidir. XX əsrin ortalarından fəaliyyətə başlayan Mingəçevir Su Elektrik Stansiyasının ölkəmiz üçün mühümlüyünü nəzərə alaraq ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev daim bu obyekti diqqət mərkəzində saxlamış və inkişafına çalışmışdır. Müstəqillik illərində bu stansiyada yenidənqurma işlərinin aparılmasına ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib. 2018-ci ildə Prezident İlham Əliyev əsaslı yenidənqurma işlərinin nəticələri ilə tanış olmuşdur. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşmişdir.
Həm dinc dövrdə, həm də İkinci Qarabağ müharibəsi zamanı Mingəçevir Su Elektrik Stansiyasının əhəmiyyəti danılmazdır. Prezident İlham Əliyevin yeni stansiyanın təməlqoyma mərasimində çıxışında deyildiyi kimi: “Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.
Ümumiyyətlə, elektroenergetika sahəsində sürətli inkişafın nəticəsidir ki, artıq düşmən tapdağından azad olan torpaqlarımızda bərpa-yenidənqurma işləri məhz bu sahədən başlamışdır. Bu ərazilərdə 10-dan çox yarımstansiya, eyni sayda su elektrik stansiyasının inşası çox mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin bu günlərdə “Gülüstan” sarayında müstəqillik dövrünün Mingəçevir şəhərində təxminən 1300 meqavat gücündə olan ən böyük yeni İstilik Elektrik Stansiyanın açılması mərasimində iştirakı isə bu sahəyə olan diqqətin əyani sübutudur. Belə bir stansiyanın açılışı yalnız Azərbaycan üçün deyil, həmçinin, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfədir. Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək bu yarımstansiya ətraf mühitin qorunması sahəsində də əhəmiyyətlidir.
Neft və qaz layihələrinin inkişafı ilə yanaşı elektrik enerjisinin də Avropaya çatdırılması respublikamızın günbəgün artan nüfuzunun daha da yüksəlməsi deməkdir. Təbii sərvətləri ilə zəngin ölkəmizdə bərpaolunan enerji növlərinin inkişafı ümün potensialın olması gələcəkdə də bu işlərin davamlı olacağına zəmin yaradır.
Əminliklə demək olar ki, xarici tərəfdaşlarla birlikdə (İtaliya) inşa edilən bu İstilik Elektrik Stansiyasının açılışı Azərbaycanın öz imkanlarından səmərəli, məqsədyönlü istifadə edərək irəliyə atdığı növbəti uğurlu addımlardan biridir.