Ölkə rəhbəri bildirdi ki, mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur
Təranə Rüstəmzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika gimnaziyasının müəllimi
Prezident İlham Əliyevin mətbuata olan bəyanatında səsləndirdiyi fikirlərdən iki ölkə arasında olan əlaqələrin hansı şəkildə davam etdirilməsinin bir daha şahidi olduq. Ölkə Prezidenti bəyanatında qeyd etdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.
Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikasıarasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan və Tacikistan parlamentləri arasında da bu gün sıx əlaqələr mövcuddur.
Cənab İlham Əliyev bildirdi ki, ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev hərəsi öz ölkəsində qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.
Prezident vurğuladı ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib,asan olmayıb, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Ölkə rəhbəri bildirdi ki, mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini böyük məhəbbətlə sevirlər və ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Prezident vurğuladı ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər. Dövlət səfəri çərçivəsində imzalanmış sənədlərə gəlincə bu sənədlərin iki ölkə üçün nə qədər əhəmiyyətli olmağını yenidən görürük..