Novruz bayramı-Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsü

Novruz bayramı-Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsü
Nuranə Yəhyayeva
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin direktoru, YAP-ın fəalı
Azərbaycan xalqı ali hədəfinə çatmışdır: Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir: 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Yurdumuza allı-güllü Novruz gəlir, nə xoş gəlir! Xalqımız qərinələr boyu yaşatdığı, hər il bahar gəlib təbiət oyananda sevinclə pişvazına çıxdığı əziz bayramını bu sözlərlə qarşılayır. Novruzun gəlişi yurdumuzda əsl toy-düyünə çevrilir, el şənlikləri bir-birinin ardınca sıraya düzülür, hər evdə mer-meyvəli, göy səmənili xonçalar bəzənilir, obadan-obaya, evdən-evə, qohumdan-qohuma, qonşudan-qonşuya pay-püş göndərilir.
Xalqımızın uca tutduğu Novruz bayramının çox qədim tarixi var. O bizə ulu keçmişimizdən-zərdüştlük dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə zərdüştlük dininə sitayiş etmiş, odu müqəddəs sanmışdır. Novruz bayramının bir çox adət ənənələrində də atəşpərəstliyin izləri aydın görünür. Novruz ərəfəsində ilaxır çərşənbələrində qalanan bayram tonqalları buna misaldır. “Ağırlığım, uğurluğum odda yansın” deyib tonqalların üstündən atlanan insanlar bununla bəd nəzərləri, pislikləri, şər qüvvələri odda yandırdıqlarına və yeni, təmiz həyata başladıqlarına inanclarını ifadə etmişlər və bu indi də Novruz şənliklərinin əsas atributlarındandır.
“Novruz” sözünün mənası “bolluq” deməkdir. Buna görə də bu bayram xalqımızın yaddaşında bərəkət, bolluq rəmzi kimi qalmışdır. Elə Novruzun əsas rəmzlərindən sayılan yaşıl səməni də bunun ifadəsidir. Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır. Hətta bəzilərinin fikrincə bu bayram Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Yəni xalq Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı etmişlər. Ancaq bildirək ki, Əli iyul ayında hakimiyyətə gəlmiş Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur. Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar. Və məlum olur ki, keçirilən bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir.
Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən—su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan. Birincisi su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir, çayların donu açılır, torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır. Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır.
Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi. Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.