Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
Son bir il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Hazırkı geosiyasi landşaft çərçivəsində bu daha vacib kurslardan biridir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri baxımından çox dinamik il olub. Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində artıq Xəzər dənizinin Qafqaz və Mərkəzi Asiyanı ayırmadığını, əksinə bu iki regionu birləşdirdiyini demək olar.
Sentyabrın 14-də cənab Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. İlk dəfədir ki, Məşvərət görüşünə regiondankənar ölkənin rəhbəri dəvət olunub. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Regionun hər bir ölkəsi ilə ayrıca sazişlərin, əməkdaşlığın olduğunu qeyd edən ölkə başçısı Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizinin Azərbaycandan keçdiyini bildirərək söyləmişdir ki, bu yollar və imkanlar qardaş ölkələr üçün həmişə açıqdır və lazımi dəstək verməyə hazırıq: “Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır.”
Cənab Prezident səmərəli əməkdaşlığın siyasi göstəricilərinin mövcudluğunu qeyd edərək bildirmişdir: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”.
Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib.
İkitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımı olduğunu söyləyən dövlətimizin başçısı həmin iki istiqamət üzrə göstəricilərin davamlı artdığını söyləyərək bildirmişdir: “İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Region ölkələri çalışır ki, daha da müstəqil olsunlar və heç bir dövlətdən asılı olmasınlar. Bunun üçün də qarşılıqlı əməkdaşlıq vacib şərtlərdən biridir. Ona görə də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq güclənir. Çünki Avropaya açılan pəncərə Azərbaycandır və ölkəmizin geniş logistika və nəqliyyat imkanları vardır. Bu da əlbəttə, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün önəmli rol oynamasına səbəb olur. Ölkəmizin başçısının həyata keçirdiyi siyasət isə birmənalı olaraq həm dövlətimizin, həm də qardaş və dost ölkələrin iqtisadi cəhətdən inkişafına hesablanmışdır.
Hazırkı əlaqələrin səviyyəsi göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bütün bunlar da Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qurulan əlaqələrin böyük perspektivə malik olduğunu göstərir.