Mütəmadi olaraq təşkil edilən TÜRKPA-nın plenar iclası bu dəfə Bakıda keçirilmişdir

Mütəmadi olaraq təşkil edilən TÜRKPA-nın plenar iclası bu dəfə Bakıda keçirilmişdir

Nəzakət Rəhimova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Bildiyimiz kimi ölkəmiz hər zaman beynəlxalq qurumlara üzv olmaqla birgə fəaliyyət yolunu tutmuşdur. Bu qurumlardan biri də TÜRKPA olmuşdur ki, Azərbaycan bu qurumun yaradılmasında birbaşa iştirak etmişdir.

Mütəmadi olaraq təşkil edilən TÜRKPA-nın plenar iclası bu dəfə Bakıda keçirilmişdir. Burada çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk olaraq belə toplantıların bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olduğunu qeyd edib. O bildirib ki, ölkələrimiz türk dünyasının birləşməsi istiqamətində böyük səylər göstərir. Bu baxımdan istisna deyil ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən edilmişdir. Hələ andiçmə mərasimində İlham Əliyev bizim ailəmiz türk dünyasıdır və bizim başqa ailəmiz yoxdur sözlərini qeyd etmişdi ki, həmin fikirləri bir daha bu iclasda səsləndirmişdir.

İlham Əliyev həmçinin bir ay sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini qeyd etdi. O bu görüşə böyük əhəmiyyət verdiyini vurğuladı: “Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.”

O, görüşün əsas mövzularının nəqliyyat və iqlimlə bağlı olacağını nəzərə çatdırıb və bu mövzuların əhəmiyyətinə diqqət çəkərək nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsinin Türk dünyasının birləşməsi ilə sıx bağlı bir proses olduğunu diqqətə çatdırıb.

Daha sonra Prezident İlham Əliyev həmçinin Zirvə görüşünün məhz Şuşada keçirilməsinə də toxunub və bunun rəmzi bir məna bildirdiyini də qeyd edib: “Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.”

Prezident İlham Əliyev qonaqların diqqətinə çatdırıb ki, azad edilmiş torpaqlarda  geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bu gün Şuşada bir sıra yeni layihələr həyata keçirilir və bu xüsusda qardaş Türkiyə öz dəstəyini əskik etməmişdir. Bu dəstək özünü 44 günlük müharibədə göstərdiyi kimi sonrakı mərhələdə də göstərmişdir. Türkiyədən olan şirkətlərin dəstəyilə burada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilib. Bundan başqa azad edilmiş torpaqlarda 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qaytarılmışdır. Bütün bu işlər bundan sonra da davam etdiriləcəkdir.

Keçirilən hər bir Zirvə görüşü, toplantı bizi məqsədlərimizə bir addım daha da yaxınlaşdırır. Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Bundan sonrakı toplantılarda da bu ənənələrə sadiq qalınacağına şübhə yoxdur.