“20 Sentyabr- Dövlət Suverenliyi Günü” münasibəti ilə Zığda görüş keçirilib

“20 Sentyabr- Dövlət Suverenliyi Günü” münasibəti ilə Zığda görüş keçirilib
18 sentyabr 2025-ci ildə Suraxanı rayonu, Zığ bələdiyyəsinin inzibati binasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr- Dövlət Suverenliyi Günü” münasibəti ilə görüş keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev, YAP Suraxanı rayon təşkilatının əməkdaşı Dilarə Əzizova, Zığ bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Aslanova, Suraxanı RİH- nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT- nin müavini Rəşad Mürşüdov və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan Zığ bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Aslanova geniş nitq ilə çıxış etmişdir. Arzu Aslnova bildirmişdir ki, Azərbaycan Respublikasının müasir tarixində 20 sentyabr xüsusi əhəmiyyətə malikdir. Bu gün dövlətimizin suverenliyinin tam təmin olunmasının, ərazi bütövlüyümüzün bərpasının rəmzi kimi qeyd edilir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis olunmuş “Dövlət Suverenliyi Günü” Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin məntiqi nəticəsi və dövlətçiliyimizin möhkəm təməllərinin təcəssümüdür.
YAP Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək “20 Sentyabr- Dövlət Suverenliyi Günü” münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini Zığ qəsəbə sakinlərinə və görüş iştirakçılarına çatdırdı. Ənvər Haqverdiyev vurğulamışdır ki, “Dövlət Suverenliyi Günü və 2025-ci ilin Konstitusiya və Suverenlik İli” Azərbaycan xalqının əsrlərlə çəkdiyi əzabların, qazandığı zəfərlərin və göstərdiyi iradənin zirvəsidir. Azərbaycanın dövlət suverenliyi yalnız siyasi və hüquqi kateqoriya deyil, həm də xalqımızın milli iradəsi, qüruru və gələcək nəsillərə mirasıdır. Ulu Öndərimiz Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, hər bir azərbaycanlı öz vətəninə bağlı olmalı, dövlətimizin suverenliyini qorumaq üçün çalışmalıdır. Bu gün biz Prezident cənab İlham Əliyevin zəkası və qətiyyəti sayəsində qürurla deyirik ki, Azərbaycan öz suverenliyini tam təmin etmiş, regionun qalib və qüdrətli dövlətinə çevrilmişdir.
Suraxanı RİH- nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT- nin müavini Rəşad Mürşüdov çıxış edərək dedi ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Qısa müddətdə uğurla başa çatan əməliyyat separatçıların fəaliyyətinə son qoydu, Azərbaycanın konstitusion quruluşu üzərində yaranmış bütün təhdidlər aradan qaldırıldı.
Suraxanı rayonu, 317 nömrəli məktəbin tarix müəllimi, Zığ qəsəbə sakini, YAP-ın fəal üzvü Elçin Həsənov konstitusiyanın əhəmiyyətinə toxunaraq o dövrdə ana qanunumuzun necə çətinliklə ərsəyə gəldiyini və Ulu Öndər Heydər Əliyevin bu sahədə müstəsna rolunu görüş iştirakçılarının diqqətinə çatdırdı.
Suraxanı rayonu, Zığ qəsəbə sakini, YAP-ın fəal gənci Hüseyn Quliyev çıxış edərək dedi ki, ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir. Hər il minlərlə gəncimiz həm dövlət hesabına həm də öz hesablarına xarici nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq vətənə dönür və dövlətimizin inkişafına öz töhfələrini verirlər.
Sonda xatirə şəkili çəkdirildi.