“Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir” adlı dəyirmi masa keçirilmişdir

“Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir” adlı dəyirmi masa keçirilmişdir

16 sentyabr 2025-ci ildə Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin inzibati binasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr- Dövlət Suverenliyi Gününə”  həsr olunmuş “Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir” adlı dəyirmi masa keçirilmişdir.

Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masanı giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri İxdiyar Nəcəfov geniş nitq ilə çıxış etmişdir.  İxdiyar Nəcəfov bildirmişdir ki, suverenliyin bərpası təkcə siyasi və hərbi proses deyil, bu həm də xalqımızın mənəvi birliyinin, bütövlüyünün, həmrəyliyinin təcəssümü, reallıqdakı əksidir. Azərbaycan xalqının Lideri - Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə nail olduğumuz bu dəyərlər mənbəyini 1995-ci ilin 12 noyabrından - ilk müstəqillik Konstitusiyamızın qəbul edildiyi gündən götürür. O Konstitusiya ki Ulu Öndər Heydər Əliyevin tükənməz vətən sevgisinin məhsulu olaraq, qəlbinin xalqla döyünməsi və müəllifliyi ilə ərsəyə gəlmişdir.

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Yusif İbrahimov çıxış edərək dedi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz, sonrakı üç il ərzində dövlətin bu tarixi hərbi-siyasi uğurunu möhkəmlətmək istiqamətində atdığı addımlar, 2023-cü ildə isə cəmi bir günə Azərbaycan ərazisindəki separatizmə son qoyması suverenliyin bərpası salnaməsinin əsasını təşkil edir. Bununla müstəqillik tariximizdə ilk dəfə sərhədlərimizin bütövlüyünə və vətənimizin ən ucqar guşəsində belə müqəddəs üçrəngli bayrağımızın dalğalanmasına nail olduq

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev müzakirə olunan mövzu ilə bağlı bir çox aspektlərə geniş toxunaraq, görüş iştirakçılarına suverenliyimizin müstəqilliyimiz qədər əhəmiyyətli və vacib olduğunu xüsusi vurğulamışdır. Ənvər Haqverdiyev bildirmişdir ki, ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə, öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, müdrik xalqımızın bu il müəllifi Ulu Öndər Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəklərini vurğulayıblar. Bu baxımdan ölkə başçısının 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini bir daha dilə gətiriblər.