Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 118 №-li tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılması, 20-dək sənədin imzalanması, Prezidenti İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ulu öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkiafı baxımından tarixi əhəmiyyət daşıdığını göstərir.
Səfər zamanı imzalanmış 20-dək sənəd Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu baxımdan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu sənəd iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Səfərin əhəmiyyətini artıran digər bir məsələ isə Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Hələ 1997-ci ildə Ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdur. Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin Ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. BMT, İƏT, TDT çərçivəsində Özbəkistan hər zaman Qarabağla bağlı haqq işini dəstəkləyib. Azərbaycan xalqı bunu hər zaman yüksək qiymətləndirib.
Bu gündən Azərbaycanla Özbəkistan hərbi və hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirəcəklər.Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” xüsusi əhəmiyyət daşıyır.
Tərəflər nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da gücləndirilməsini də planlaşdırırlar. “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Hökümət beynəlxalq avtomobil əlaqələri haqqında Sazişin” imzalaması bu məqsədə xidmət edir. Əslində bu sahədə də iki ölkənin kifayət qədər imkanları genişdir. Qarşıda duran əsas hədəflərdən biri bu əməkdaşlığı daha da gücləndirməkdir. Özbəkistan Qarabağda həyata keçirilən abadlıq və quruculuq işlərində də iştirak etmək niyyətindədir. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdir. Üç hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilib, ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Azərbaycan xalqı bu doğma münasibəti yüksək qiymətləndirir.