Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
Arzu Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin müəllimi
Müstəqil Azərbaycanımız ilk dəfə 1918- 1920-ci illərdə ilk demokratik dövlətini yaratdı. Lakin çox çətinliklə əldə olunan bu müstəqillik uzun sürmədi. Bu möhtəşəm hadisə tarix üçün çox qısa bir zaman olsa da xalqımızın yaddaşında əbədi həkk olundu. Mövcud olduğu qısa zamanda Azərbaycan Xalq Cümhuriyyəti istər daxili, istərsə də bütün ölkələrlə münasibətini faydalılıq prinsipləri əsasında yaratmağa çalışmışdır.
Ulu öndər Heydər Əliyev öz çıxışlarının birində qeyd etmişdir. “ Azərbaycan Xalq Cümhuriyətinin yaradılması tarixi hadisə idi, çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı.” Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın yaşadığı ən şərəfli hadisə, azadlığın doğruduğu qürur hissi əvəzedilməzdir. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi, dövlət quruculuğunun sürətlə inkişafı məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın müstəqilliyi ilə qəbul olunan Konstitusiya Aktı Azərbaycanın müstəqil demokratik və dünyəvi bir dövlət kimi dünyaya tanıtdı. Artıq həmin tarixi gündən 27 il keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə dünyaya səs salacaq addımlar atdı. Bu uğurlar asanlıqla olunmadı. Xalqımız ilk illərdə ağır, çətin günlər yaşadı. Ermənistanın ölkəmizə qarşı olan təcavüzü, soydaşlarımızın torpaqlarından didərgin salınaraq Azərbaycana qayıtmaları, torpaqlarımızın işğalı müstəqilliyimizi təhlükə ilə üz-üzə qoydu.
Azərbaycan xalqının ümummilli lideri H. Əliyev demişdir: “ Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” .
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, ağır, təlatümlərdən çıxaraq qurub-yaratdığı müasir Azərbaycan dövlətinin qurucusudur. Müasir cəmiyyətimizin inkişafı və real siyasi və iqtisadı yüksəlişi, bütün dünyada Azərbaycanın tanınması Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və ölkəyə rəhbərlik etdiyi müddətdə formalaşdırdığı müzəffər ordumuzun qəhrəmanlığı sayəsində əldə etdiyimiz qələbə müstəqil ölkəmizin dayanıqlı inkişafına təsir edən ən böyük amildir.
Prezident İlham Əliyev demişdir: “ Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlətini biz təmin edirik, həyata keçiririk. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”