Müşavirə zamanı Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət çəkmişdir

Müşavirə zamanı Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət çəkmişdir

Ülviyyə Orucova

Əmircan Bələdiyyəsinin şöbə müdiri

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

2021-ci il Azərbaycan xalqının yaddaşına çox əlamətdar bir hadisə ilə həmişəlik həkk olundu. Xalqımız uzun illik Qarabağ həsrətindən sonra öz ərazi bütövlüyünün bərpasına nail oldu. Bütün bunlar, dövlət başçısı cənab İlham Əliyevin keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uzun illər apardığı düzgün daxili və xarici siyasətin, bu istiqamətdə yürütdüyü diplomatiyanın, prinsipial mövqeyin, əzamkarlığın məntiqi nəticəsidir.

Prezident İlham Əliyev yüksək kürsülərdən səsləndirdiyi tutarlı dəlillər, çıxışları zamanı xalqına verdiyi sözlər, torpaqlarımızın sülh yolu ilə alınmaması, eləcə də Azərbaycan xalqının ölkə başçısına olan sədaqəti, mənəvi dəstəyi, vətənə, torpağa olan məhəbbəti, güclü ordumuzun rəşadəti, Azərbaycan əsgərinin vətən, topraq uğrunda canını, qanını fəda etməyə hazır olması, Azərbaycanın İkinci Qarabağ Müharibəsində qalibiyyətini qaçılmaz etdi.

İkinci Qarabağ Müharibəsi başlanan ilk günlərdən müharibə bitənədək 44 gün ərzində, qədirbilən Azərbaycan xalqı öz dövlət başçısını yalnız buraxmadı, onun ətrafında sıx birləşdi, dövlət və millət vəhdəti yarandı.  Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev öz siyasi fəaliyyəti dövründə yüksək humanistlik və insanpərvərlikdən çıxış edərək, hər zaman keçmiş Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, hər iki dövlətə zərər vermədən, məsələnin sülh yolu ilə həllinə nail olunması istiqamətində uzun illər siyasət yürütmüş, dünya səviyyəsində, müxtəlif beynəlxalq təşkilatlarda, ali kürsülərdən hər zaman keçmiş Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdır. Lakin BMT və digər beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşması, məsələnin sülh yolu ilə həllinə ciddi səy göstərilməməsi, laqeyd münasibət, məsələnin həlli istiqamətində çıxardıqları qətnamələrin kağız üzərində qalması, münaqişənin uzun illər davam etməsi və həll olunmaması ilə nəticələndi.

Prezident Cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı,  dövlət başçısı beynəlxalq qurumlar nəzərdə tutaraq bunları bildirmişdir: “Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur”.

Müşavirə zamanı Prezident, ordu quruculuğu məsələsinə diqqət çəkərək bildirmişdir ki: “Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək.

Hal-hazırda işğaldan azad edilmiş, Azərbaycan torpaqlarında Dövlət Başçısının göstərişi və tapşırığı ilə tikinti və bərpa işləri həyata keçirilir. Prezident Cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı, Ölkə Başçısı Qarabağda aparılan quruculuq işləri haqda  bildirib ki, onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar.

Dövlət Başçısı müşavirə zamanı azad olunmuş topraqlarda dövlət səviyyəsində həyata keçiriləcək quruculuq işləri haqda bunları bildirib ki, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görülür. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları  biz planlı şəkildə bu işləri görəcəkdir.

Yaxın Gələcəkdə yurd-yuvalarından uzaq düşmüş vətəndaşlarımız, öz dədə-baba yurdlarına, Füzuliyə, Ağdama, Qubadlıya, Zəngilana, Cəbrayıla, Şuşaya, Laçına qayıdacaqlar. Öz əhalisindən ayrı düşmüş el-obada yenidən həyat öz axarına düşəcək. Bu hadisə Azərbaycan vətəndaşı olaraq hər birimizi fərəhləndirir. Ölkəmizə və millətimizə qalibiyyət çox yaraşır. Bu gün dünyada adımız qalib ölkə olaraq çəkilir.

Sənə qələbə çox yaraşır, səsin hər zaman yüksəklərdən gəlsin ana Vətən!