Müasir Azərbaycan gəncləri xalqımızın xoşbəxt və inamlı sabahıdır
Nəzrin Bünyatova
YAP Suraxanı rayon təşkilatının gənc könüllüsü
Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an onun diqqət mərkəzində olmuşdur. Həmçinin Ulu Öndər Heydər Əliyev savadlı, yüksək intelektuallı, müasir dünyagörüşə malik və eyni zamanda məqsədli və peşəkar gənclərin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətlərini dəqiq müəyyənləşdirmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısına tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir “.
Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da ulu öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi.Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.
Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilkdir. Eyni zamanda məhz bu oyunlarda iştirak edənlərin əksəriyyəti gənc nəsil olmuşdur. Gənc nəslin iştirakı çox sevindirici və qururlandırıcı haldır. Bu onu göstərir ki, Azərbaycan gəncləri digər sahələrlə yanaşı idman sahəsinə qarşı daha həvəskar və məqsədlidirlər.
Dövlət gənclər siyasətinin əsaslı istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən Gənclər evi və mərkəzləri gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.
Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Bu gün mən də fəxr edirəm ki, müstəqil, günü-gündən abadlaşan, inkişaf edən bir xalqın gənciyəm və mən tam əminliklə söz verirəm ki, gənclik illərim boyunca xalqıma, dövlətimə yararlı gənc olacağam və bu millətin inkişafı və dövlətimizin, xalqımızın adını daima uca tutmaq üçün əlimdən gələni edəcəyəm.