Memorial Kompleks Xocalıda ədalətin təntənəsidir

Memorial Kompleks Xocalıda ədalətin təntənəsidir

Könül Namazova

YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi

Hüznlə, kədərlə, qəzəb hissi ilə andığımız o dəhşətli zaman. İllərlə 1992-ci il fevralın 26-da Xocalıda soydaşlarımızın başına gətirilən faciənin ağrısı ilə yaşadıq.Və qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içdik.

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini  vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy

göstərmişdir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib. Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb, sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub.

Uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə baxmayaraq torpaqları işğal altında qalan Azərbaycan dövləti səbirli, ardıcıl və prinsipial siyasət apardı. Diplomatik müstəvidə haqq səsini ucaltdı, eyni zamanda güclü ordu quruculuğu prosesini həyata keçirdi.  

Nəticədə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazandı.Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu. Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında alındı.

44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı  qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Tarix sübut edir ki, qalib gəlmək kifayət deyil — qələbəni möhkəmləndirmək, onu siyasi və hüquqi müstəvidə tamamlamaq lazımdır. Azərbaycan məhz bunu etdi.

Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi,tarixi həqiqətləri gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması üçün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı həyata keçirilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi: "Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı". Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük.