Bugünkü dünyada ən mühüm amillərdən biri siyasi və iqtisadi sabitlikdir

Bugünkü dünyada ən mühüm amillərdən biri siyasi və iqtisadi sabitlikdir

Mürsəl Kazımov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 65 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini icra edən

Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımaların tələbatının artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yer gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə — həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında — daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik;

Biz böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Siz Mərkəzi Asiyanı qeyd etdiniz. Ötən ilin noyabrından etibarən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Əslində bu, misli görünməmiş bir hadisədir. Çünki coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi — bütün bunlar investorlar üçün aydın və başadüşüləndir. Azərbaycandakı qaydalar və tənzimləmələr, bütün bunlar bizim potensialımızı daha da gücləndirəcək. Regionumuzda geosiyasi vəziyyət dəyişib, beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz hələ də təchizatçılar üçün cəlbedici olmalıyıq;

Bugünkü dünyada ən mühüm amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi;

Valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Beləliklə, bunlar artıq keçmişdə qalıb. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət borcumuz var — 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və belə də olmağa davam edəcək. Çünki bizim ticarət balansımız var.

Paylaş