Laçında geniş bərpa-quruculuq işləri həyata keçirilir

Laçında geniş bərpa-quruculuq işləri həyata keçirilir

Yasin Quliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan tarixinin ən qədim və zəngin yaşayış məskənlərindən biri olan Laçın özünəməxsus təbiəti,qədim tarixi,mədəni irsi və strateji mövqeyi ilə ölkəmizin mühüm şəhərlərindən biridir. Laçın şəhəri həm də Qarabağın ayrılmaz parçası kimi xalqımızın yaddaşında xüsusi yer tutur.

Laçın rayonu, Azərbaycan SSR dövründə, 1930-cu ildə yaradılmışdır. Laçın əsrarəngiz təbiəti,dağları,bulaqları və meşələri ilə seçilir. Bu doğma şəhərimizdə qədim yaşayış məskənləri, tarixi abidələr, zəngin folklor nümunələri ilə məşhurdur. Bütün bunlar Azərbaycanın zəngin mədəni irsinin tərkib hissəsidir.

1992-ci il 18 mayda Laçın şəhəri  erməni ordusu tərəfindən işğala məruz qaldı. Şəhər əhalisi öz doğma el-obasından didərgin düşdü. Tarixi abidələr və mədəni irsə, iqtisadi infrastruktura ciddi ziyan dəydi. Amma işğal dövründə laçınlılar doğma yurda qayıtmaq ümidini heçvaxt itirmədi.

2020-ci ildə Vətən müharibəsində ordumuzun əldə etdiyi uğurlar Laçının da azad olunmasına şərait yaratdı.10 noyabrda imzalanmış üçtərəfli bəyanatda cənab İlham Əliyevin göstərdiyi diplomatik bacarıq nəticəsində Laçın rayonu, 1 dekabrda döyüşsüz Azərbaycana qaytarıldı. 2022-ci il 26 avqustda şanlı ordumuzun Laçın şəhərinə daxil olması ilə şəhər nəzarətə götürüldü. Bununla da şəhərin həyatında yeni bir tarixi dövr başlandı.

Prezident cənab  İlham Əliyevin sərəncamı ilə 26 avqust Laçın şəhər günü elan edildi. 26 avqust nəinki bir şəhərin azad olunmasıdır, həm də öz elinə qayıtmaq ümidilə yaşayan minlərlə insanın arzusunu ifadə edir.

Bugün Laçında geniş bərpa-quruculuq işləri həyata keçirilir. Təsadüfi deyil ki, müharibə bitəndən sonra Qarabağda ilk infrastruktur layihəsi məhz Laçında həyata keçirilmişdir. Laçında bərpa quruculuq davam edir. Məktəblər, xəstəxana, binalar inşa edilir və əhalinin dayanıqlı yaşayışı üçün şərait yaradılır. Şəhərin tarixi simasının qorunması ilə yanaşı, müasir şəhərsalma prinsipləri də həyata keçirilir.

İşğal bitəndən sonra Laçına ilk qayıdış 2023-cü il 28 mayda baş tutmuşdur. Bugün insanlar Laçında yaşayır və yaradır. Laçın bugün öz tarixinin yeni səhifəsini açır. Dağların qoynunda yenidən qurulan bu şəhər həm keçmiş xatirələri yaşadır, həm də gələcəyə doğru inamla addımlayır.

 

Paylaş