Laçının yeni inkişaf mərhələsində sənayenin və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir

Laçının yeni inkişaf mərhələsində sənayenin və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir

Jalə Həsənli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 126 saylı körpələr evi - uşaq bağçasının tərbiyəçi-müəllimi

Laçının yenidən qurulmasının ən mühüm məqsədlərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməkdir. 2023-cü ildən etibarən Laçın rayonunun kəndlərinə və şəhərinə keçmiş sakinlərin qayıdışı başlayıb. Zabux, Sus, Bəylik və digər yaşayış məntəqələrində yeni evlər tikilir, sosial obyektlər yaradılır, yollar və kommunal infrastruktur yenilənir.

Bəylik kəndində yeni yaşayış məhəlləsinin salınması, məktəb, uşaq bağçası, inzibati və sosial obyektlərin yaradılması kənd həyatının müasir standartlara uyğun şəkildə bərpa edilməsinə xidmət edir. Zabux kəndində də genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilir. Keçmiş sakinlərin öz evlərinə qayıtması Laçının dirçəlişinin ən təsirli göstəricilərindən biridir.

Laçının yeni inkişaf mərhələsində sənayenin və sahibkarlığın inkişafına da xüsusi diqqət yetirilir. Sənaye zonasında mebel fabrikinin, ayaqqabı istehsalı müəssisələrinin və digər istehsal sahələrinin yaradılması yerli əhali üçün yeni iş yerlərinin açılmasına imkan verir. “LATİFA” tikiş fabrikinin və “PİRŞAĞI” ayaqqabı fabrikinin Laçın filialının fəaliyyətə başlaması qadınların və gənclərin məşğulluğunun artırılması baxımından da əhəmiyyətlidir.

Bu müəssisələrin fəaliyyəti Laçının iqtisadi həyatının canlanmasına, yerli istehsalın genişlənməsinə və rayon sakinlərinin dayanıqlı gəlir əldə etməsinə şərait yaradır.

Laçının zəngin təbiəti kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün böyük imkanlar yaradır. Dağlıq ərazilərdə geniş yayılmış yaylaqlar, otlaq sahələri və zəngin bitki örtüyü heyvandarlığın inkişafı üçün əlverişli şərait formalaşdırır. Rayonda arıçılığın inkişaf etdirilməsi də perspektivli istiqamətlərdəndir. Laçının təmiz və zəngin florası burada yüksək keyfiyyətli bal istehsalına imkan verir.

Turizm isə Laçının gələcək iqtisadi inkişafında xüsusi yer tutur. Möhtəşəm dağ mənzərələri, meşələr, çaylar, yaylaqlar və təbii landşaftlar rayonun ekoturizm və dağ turizmi baxımından böyük potensiala malik olduğunu göstərir. Laçın şəhərində və rayonun müxtəlif yaşayış məntəqələrində istirahət komplekslərinin, otellərin və digər turizm obyektlərinin yaradılması bu potensialın reallaşdırılmasına xidmət edir.

Laçının bərpasında müasir şəhərsalma prinsipləri, ekoloji yanaşma və “ağıllı şəhər” konsepsiyası nəzərə alınır. Yeni yaşayış məhəllələrinin salınması, enerji səmərəli binaların tikilməsi, günəş panellərindən istifadə və yaşıllıqların artırılması şəhərin gələcək simasının formalaşdırılmasına xidmət edir. Bu yanaşma Laçının yalnız keçmişin yenidən qurulmuş şəhəri deyil, müasir Azərbaycanın inkişaf modelini əks etdirən nümunəvi yaşayış məkanına çevrilməsini hədəfləyir.

Laçın bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, milli iradənin və doğma torpaqlara qayıdışın simvollarından biridir. İşğal illərinin ağır izləri artıq quruculuq və inkişaf mənzərələri ilə əvəzlənir.

Yeni yollar, məktəblər, yaşayış evləri, sənaye müəssisələri, enerji obyektləri, turizm kompleksləri və digər layihələr Laçının gələcək simasını formalaşdırır. Ən əsası isə uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar öz evlərinə qayıdır, Laçında yenidən həyat canlanır.

26 Avqust – Laçın Şəhəri Günü bu baxımdan yalnız bir şəhərin təqvimdə qeyd olunan günü deyil. Bu tarix Azərbaycan xalqının doğma torpaqlarına qayıdışının, Laçının yenidən qurulmasının və gələcəyə inamla addımlamasının rəmzidir.

Bu gün Laçın tarixini qoruyaraq gələcəyə doğru irəliləyir. Onun dağlarında yenidən həyat, küçələrində uşaqların səsi, kəndlərində əmək və şəhərində quruculuq nəfəsi duyulur. Laçın artıq keçmişin ağrılarından gələcəyin ümidlərinə doğru uzanan yeni inkişaf yolunun parlaq nümunəsidir.

Paylaş