Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu

Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu

Günay Bağırova-Babazadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 140 nömrəli tam orta məktəbin psixoloqu

104 il əvvəl Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması xalqa göstərilən ən böyük xidmətlərdən sayılır. Dövrün ağır şərtləri içərisində dövlətin və onun nizami ordusunun formalaşdırılması xalqımıza və milli-mənəvi dəyərlərimizə verilən qiymətin təzahür forması idi. Bu addım xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən biri kimi tarixə düşdü. Gənc demokratik Cümhuriyyətin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başladılar.

Xalq Cümhuriyyətinin devrilməsi nəticəsində ordu quruculuğu prosesi uzun zaman yarımçıq qaldı. Lakin Azərbaycanın rəhbəri seçilən Ümummilli Lider Heydər Əliyev bu prosesin qarşısıalınmaz olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı.

Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu Öndər tez-tez səngərlərdə oldu, əsgər və zabitlərlə şəxsən görüşdü, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atdı. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır.

Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir. Bəli, məhz bu amillər 44 günkük Vətən müharibəsində ordumuzun qələbəsini qaçınılmaz etdi.

Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi. Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir.

 Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti də yaxşıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. Komando hərbi hissəsinin strateji, taktiki önəmi böyükdür. Strateji cəhəti odur ki, bu istiqamətdə artıq ikinci bir Türkiyə modeli üzrə hazırlanmış hərbi hissə təşkil edilib. Taktiki cəhətinə görə isə yarana biləcək istənilən fors-major hadisələrdə bu hərbi hissə çevik şəkildə istifadə edilə bilər.

Prezident Komando hərbi hissəsində yaradılmış şəraitlə tanış olub. Hərbi hissə üçün alınan müasir silahlara baxış keçirib. Nəzərə almaliyiq ki,Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Bütün dünya bir daha şahidi olacaq ki, azərbaycanlılar qəhrəman, həm də qurub-yaradan bir xalqdır. Bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsinə start verilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır.

Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Prezident İlham Əliyevin iştirakı ilə Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır.

Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var.

Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Laçın rayonunda da yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və kəsilir ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təminatı üçün, tarixi ədalətin bərpası üçün bütün səy və bacarıqlarını əsirgəmədi, amma onu da qeyd etmək lazımdır ki, döyüşlər zamanı canından, qanından keçən, bu yolda şəhid olmağı hər şeydən üstün tutan gənclərimiz çoxluq təşkil edirdi. Gənclərimizin, Azərbaycan gənclərinin milli maraqlarımız, dövlətçilik maraqları uğrunda ən ali hissləri özünü bir daha təsdiq etdi. Təsdiq etdi ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvər ruhdadır və dövlətçiliyimizin, milli maraqlarımızın, haqq və hüquqlarımızın keşiyindədir. Bu isə həm də ondan xəbər verir ki, bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, ümumilikdə suverenliyimizi qoruyacaq gənclərimiz var.

Bir sözlə, gənclərimizin milli ruhu, vətənpərvərlik ruhu onu deməyə əsas verir ki, gənclərimizin bu ruhda olması, əzm və iradəsi gələcəyimizin əmin əllərdə olduğunun təsdiqləyir. Bu inam, əzm və iradə Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin nəticəsidir.

Yaşasın Müzəffər Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu !