Konstitusiyanın qəbul edilməsi Müstəqil Azərbaycanın inkişafında önəmli tarixi hadisədir
Dürdanə Hüseynova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürmüşdür. O zaman müstəqil dövlətin Konstitusiyası hazırlanmamışdı. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən hazırlanmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilərək noyabrın 27-dən qüvvəyə minmişdir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında ölkənin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, elm və təhsilini, humanizm və insanpərvərlik prinsiplərini qoruyacaq bütün maddələr əksini tapmışdır. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Burada ölkənin demokratik yolla idarə edilməsinə dair bütün müddəalar daxil edilmişdir.
Qəbul edilmiş Konstitusiyaya əsasən, Azərbaycanda Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir. Burada din dövlətdən ayrıdır. Ərazidə yaşayan əhalinin etiqadına hörmətlə yanaşılır. Təhsil müəssisələrində dünyəvi biliklər tədris olunur.
Qəbul edildiyi vaxtdan Azərbaycan Konstitusiyasına üç dəfə referendum yolu ilə dəyişiklik olmuşdur. 2002-ci il avqust ayının 24-də, 2009-cu il mart ayının 18-də və 2016-cı il sentyabr ayının 26-da ümumxalq səsverməsində (referendumda) dəyişikliklər qəbul edilmişdir. 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Xalqımızın Ümummilli lideri, tarixi şəxsiyyət Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri də 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb.
Ümummilli Lider Heydər Əliyev hər kəsə aşılayırdı ki, Dövlətin əsas qanununa hörmət etmək lazımdır. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.
Bu gün dünyanın inkişaf etmiş demokratik ölkələrində işlək qanunlar toplusu ilə müqayisə edilə biləcək konstutiyamız dövlətimizin əsas qanunu, vətəndaşımızın hüquqlarının məcmusudur.