Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında dəyərli fikirlərinə- “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik”,“Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır” nəzər salsaq Azərbaycan dilinin Dahi Lider üçün nə qədər əhəmiyyətli olduğunu deyə bilərik.
Bizim doğma ana dilimiz dünyanın ən qədim və ən zəngin dilləri arasında yer alır. Dilimizin inkişafı və tərəqqisi istiqamətində Ulu Öndər, dahi siyasətçi Heydər Əliyevin həyata keçirdiyi addımları saymaqla bitməz. Hələ, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bundan əlavə, 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu gün də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.