Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənir
Hər bir dövlətin varlığını, gücünü və gələcəyə doğru inkişaf yolunu müəyyən edən əsas dəyərlərdən biri onun Konstitusiyasıdır. Konstitusiya yalnız qanunlar toplusu deyil, həm də xalqın dövlətçilik iradəsinin, milli kimliyinin, azadlıq və müstəqillik arzularının hüquqi ifadəsidir. Azərbaycan xalqı üçün 12 Noyabr – Konstitusiya Günü məhz bu dəyərləri xatırladan, milli qürurumuzu və dövlətimizə bağlılığımızı daha da gücləndirən əlamətdar gündür.
Azərbaycanın konstitusiya quruluşunun tarixi xalqımızın zəngin dövlətçilik ənənələrinə söykənir. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul edilmişdir. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi və rəhbərliyi ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması milli tariximizin unudulmaz hadisələrindən birinə çevrilmişdir. Bu addım doğma dilimizə, milli-mənəvi dəyərlərimizə və xalqımızın kimliyinə göstərilən böyük ehtiramın təzahürü idi.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirən yeni Konstitusiyanın hazırlanması tarixi zərurətə çevrildi. Ölkənin mürəkkəb siyasi və ictimai şəraitində bu məsuliyyətli vəzifənin həyata keçirilməsi böyük siyasi uzaqgörənlik və dövlətçilik təcrübəsi tələb edirdi. Məhz belə bir tarixi mərhələdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası yaradıldı və müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi hazırlandı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu tarix dövlətçilik salnaməmizə qızıl hərflərlə yazıldı. Yeni Konstitusiya Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit etməklə müasir dövlət quruculuğumuzun möhkəm təməlini yaratdı.
Ulu Öndər Heydər Əliyev Konstitusiyanın mahiyyətini belə ifadə etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.
Bu tarixi sənədin ən böyük üstünlüklərindən biri insan amilinə, onun hüquq və azadlıqlarına verdiyi yüksək dəyərdir. Hər bir insanın yaşamaq, təhsil almaq, əmək hüququ, söz və fikir azadlığı, mülkiyyət hüququ, sağlamlığını qorumaq və ləyaqətlə yaşamaq hüququ Konstitusiyada öz əksini tapmışdır. Başqa sözlə, Konstitusiya hər bir vətəndaşın özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməsinin, hüquqlarının qorunacağına inanmasının təminatıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
İllər ərzində ölkəmizin inkişafı və yeni ictimai-siyasi reallıqlar Konstitusiyaya müəyyən dəyişikliklərin edilməsini zəruri etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumları nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklər edilmiş, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması və hüquqi mexanizmlərin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu əlamətdar tarixin mənəvi və siyasi əhəmiyyətini daha da artırmışdır. Konstitusiyanın qəbulunun 30 illiyinin qeyd olunması xalqımızın müstəqillik və suverenlik yolunda qazandığı nailiyyətlərə bir daha nəzər salmaq, dövlətçilik tariximizin şərəfli səhifələrini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Bu münasibətlə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də yubileyin əlamətdar hadisələrindəndir.
Bu gün müstəqil Azərbaycan öz suverenliyini, dövlətçilik ənənələrini və milli maraqlarını qoruyaraq gələcəyə inamla addımlayır. Konstitusiya Məhkəməsi isə ölkəmizdə Konstitusiyanın aliliyinin və hüquqi prinsiplərin qorunmasında mühüm rol oynayır.
Konstitusiyaya hörmət, əslində, Vətənə, dövlətə, insana və ədalətə hörmətdir. Onu yaşadan yalnız qanunların gücü deyil, həm də hər bir vətəndaşın bu dəyərlərə sadiqliyidir. Bizim borcumuz müstəqil dövlətimizin hüquqi əsaslarını qorumaq, hüquqlarımızı bilmək, vəzifələrimizi məsuliyyətlə yerinə yetirmək və gələcək nəsillərə güclü, sabit, suveren Azərbaycan miras qoymaqdır.
Konstitusiyamız müstəqilliyimizin hüquqi sipəri, milli birliyimizin təməli, gələcəyə uzanan dövlətçilik yolumuzun etibarlı bələdçisidir. Ona sahib çıxmaq isə hər birimizin həm vətəndaşlıq borcu, həm də Vətən qarşısında mənəvi məsuliyyətidir.