Konstitusiyamızın qəbul edilməsi dövlətçilik tariximizin mühüm hadisələrindən biridir
Samirə Orucova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 280 saylı körpələr evi- uşaq bağçasının müdiri
12 Noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm və əlamətdar günlərdən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu tarixi hadisə ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli mənəvi dəyərlərini və beynəlxalq hüququn mütərəqqi prinsiplərini özündə birləşdirmişdir.
Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycanın siyasi və hüquqi həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Əsas Qanun dövlətin idarəçilik sistemini, hakimiyyət bölgüsünü, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də dövlət və cəmiyyət münasibətlərinin əsas prinsiplərini müəyyən etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın tarixi əhəmiyyətini vurğulayaraq bildirmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsine keçidi təsbit etmişdir”.
Konstitusiyamızın əsas prinsiplərindən biri insan hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasıdır. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, azad yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq və digər hüquqları Əsas Qanunla tam təmin edilir.
Ölkəmizin konstitusiya quruluşunun tarixi yalnız 1995-ci illə məhdudlaşmır. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-nin sonuncu Konstitusiyasının qəbul edilməsi də dövlətçilik tariximizin mühüm hadisələrindən biridir. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin dövlətçilik və milli maraqların qorunması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət xüsusi əhəmiyyət daşımışdır.
Müasir dövrdə Azərbaycan Respublikasının Konstitusiyası dövlətin strateji inkişaf istiqamətlərini müəyyən edən, milli suverenliyin və ərazi bütövlüyünün hüquqi əsaslarını möhkəmləndirən mühüm sənəd olaraq öz əhəmiyyətini qoruyur.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Əsas Qanunumuzun qəbul edilməsinin 30 illiyi və dövlət suverenliyimizin əhəmiyyəti baxımından xüsusi məna daşıyır. Eyni zamanda, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi bu əlamətdar tarixi hadisəyə verilən yüksək dəyərin bariz göstəricisidir.
Bu gün Konstitusiya Günü hər bir azərbaycanlı üçün dövlətçiliyimizə, müstəqilliyimizə və milli dəyərlərimizə hörmətin ifadəsidir. Əsas Qanunumuza hörmət etmək, onun müddəalarına əməl etmək və hüquqi dövlət prinsiplərini qorumaq hər bir vətəndaşın mühüm vəzifəsidir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqil dövlətçiliyimizin, hüquqi sabitliyimizin və milli birliyimizin rəmzidir!