Tarixi Zəfərimizin Rəmzi: Azad Şuşa
Sənan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının baş həkimi
Azərbaycan xalqı zəngin tarixi, bənzərsiz mədəniyyəti, yeraltı və yerüstü sərvətləri ilə daim dünyanın diqqət mərkəzində olub. Lakin zamanla xalqımızın mənfur düşmənləri bu nemətlərə göz dikib, onları müxtəlif yollarla öz adlarına çıxarmağa çalışıblar. Müstəqilliyimizin ilk illəri də ağır müharibə şəraitində keçdi və bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. Həmin çətin dövrlərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında dövlətimiz, iqtisadiyyatımız və ordumuz yenidən quruldu, gələcək qələbənin möhkəm təməlləri atıldı.
Otuz ilə yaxın müddətdə düşmən işğal altında saxladığı torpaqlarımızı tamamilə darmadağın etdi; mədəniyyət nümunələrimiz, məscidlərimiz, meşə və çaylarımız, qiymətli filiz yataqlarımız vəhşicəsinə istismar olundu. Bütün bu ədalətsizliklər Azərbaycan xalqının səbr kasasını daşırdı. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı və canı bahasına, ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.
Şuşa dağlar qoynunda yerləşən təbii bir müdafiə qalası olduğu üçün onun azad edilməsi xüsusi və gizli əməliyyatla həyata keçirildi. Bütün dünyada hərbi mütəxəssislərin diqqətini cəlb edən və onları heyran qoyan bu unikal hərbi əməliyyat şanlı tariximizə yazıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu müjdəni xalqımıza elan edərkən dediyi o tarixi sözləri yaddaşlara həkk etdi: "Şuşa, sən azadsan! Biz səni dirçəldəcəyik!"
Bu gün böyük qələbəmizin ildönümü həm də Şuşa Şəhəri Günü kimi təntənə ilə qeyd olunur. Müstəqil və bütöv Azərbaycanımız daim var olsun, düşmənləri xar olsun!
Tanrı Azərbaycanı qorusun!