8 Noyabr – Zəfər Günü: Tarixi Qələbə, Suverenlik və İntibah
Mahru Rəcəbova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifəsi olan 8 Noyabr Zəfər Günü, otuz ilə yaxın davam edən torpaq işğalına və bir milyondan çox həmyerlimizin qaçqınlıq taleyinə son qoyan möhtəşəm bir miladdır. Bu qələbə, addım-addım hesablanmış siyasi iradənin, güclü ordu quruculuğunun və sarsılmaz xalq-ordu birliyinin məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bəri həyata keçirilən məqsədyönlü iqtisadi, hərbi və xarici siyasət gələcək Zəfərin möhkəm təməlini qoydu. Dövlət başçısının da vurğuladığı kimi, işğal dövründə atılan hər bir addım məhz bu müqəddəs amala – torpaqlarımızın azad edilməsinə xidmət edirdi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və icra olunan “Dəmir yumruq” əməliyyatı Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji ruhunu və qəhrəmanlığını dünyaya nümayiş etdirdi. Ordumuzda bir dənə də olsun fərarilik halı baş vermədi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş taktikası bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. Şanlı yürüş rəsmi İrəvanı kapitulyasiya aktına imza atmağa məcbur etdi və tarixi Qələbə qazanıldı.
Zəfərdən sonra da dövlətimiz qətiyyətli strateji addımlarını davam etdirdi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması və cəmi bir gündən az davam edən lokal Antiterror əməliyyatı separatizmin kökünü kəsərək dövlət suverenliyimizin ölkənin bütün ərazilərində tam bərpası ilə nəticələndi. Bu tarixi uğurları əbədiləşdirmək üçün Zəfər Paradı keçirildi, Zəfər Günü və Dövlət Suverenliyi Günü təsis olundu, həmçinin Zəfər Parkı və Zəfər Muzeyi ucaldıldı.
Bu gün dövlətimiz şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını “YAŞAT” Fondu və geniş sosial paketlər vasitəsilə daim ali qayğı ilə əhatə edir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq işləri aparılır. “Böyük Qayıdış” proqramı çərçivəsində infrastruktur bərpa olunur, əhali doğma yurdlarına köçürülür, DOST və ASAN xidmət mərkəzləri fəaliyyət göstərir.
Xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuş 8 Noyabr Zəfər Günü, gələcəyə inamla addımlayan qüdrətli, suveren və intibah dövrünü yaşayan Azərbaycanın əbədi qürur rəmzidir!