ŞUŞA – ZƏFƏRİMİZİN TACI, QÜRURUMUZ VƏ MİLLİ KİMLİYİMİZİN RƏMZİ

 ŞUŞA – ZƏFƏRİMİZİN TACI, QÜRURUMUZ VƏ MİLLİ KİMLİYİMİZİN RƏMZİ

Mehriban Rəsulova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 276 nömrəli körpələr evi- uşaq bağçasının müdiri

 Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu tarix yalnız bir şəhərin azad edilməsi deyil, həm də xalqımızın illərlə qəlbində yaşatdığı Vətən həsrətinin sona çatmasının, milli birliyimizin və dövlətimizin gücünün nümayişidir.

Qarabağın döyünən ürəyi, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa əsrlər boyu ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm yer tutmuşdur. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən əsası qoyulan şəhər qısa müddətdə mühüm siyasi, iqtisadi və mədəni mərkəzə çevrilmişdir. Şuşa Azərbaycan musiqisinin, poeziyasının, incəsənətinin inkişafına misilsiz töhfələr vermiş, neçə-neçə görkəmli şəxsiyyət yetişdirmişdir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Molla Pənah Vaqif və digər sənətkarların adı Şuşanın zəngin mədəni irsi ilə ayrılmaz şəkildə bağlıdır.

1992-ci il mayın 8-də Şuşanın işğal olunması xalqımızın yaddaşında dərin iz buraxdı. Şəhərin tarixi-mədəni abidələri dağıdıldı, milli irsimizə ciddi ziyan vuruldu. Lakin Şuşa sevgisi xalqımızın qəlbindən heç zaman silinmədi. Bu torpağa qayıdış ümummilli ideyaya, hər bir azərbaycanlının müqəddəs arzusuna çevrildi.

Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, onun müəyyən etdiyi dövlətçilik strategiyası ölkəmizin güclənməsinə, iqtisadi və hərbi qüdrətinin artmasına xidmət etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu siyasi kursu uğurla davam etdirərək tarixi hədəflərinə doğru inamla irəliləmişdir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrildi. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bu mübarizənin ən mühüm və həlledici mərhələlərindən biri isə Şuşa əməliyyatı oldu.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində böyük qürur hissi ilə bəyan etdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”Bu tarixi bəyanat xalqımızın yaddaşına əbədi həkk olundu. Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici rol oynadı və Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrildi. 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşada üçrəngli Dövlət Bayrağımızı ucaltması isə şəhərin azadlığına qovuşmasının unudulmaz anlarından biri oldu.

Bu gün Şuşada həyat yenidən canlanır. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri nəticəsində şəhərin tarixi siması özünə qaytarılır, dağıdılmış abidələr bərpa edilir, yeni yaşayış kompleksləri, təhsil, səhiyyə və turizm infrastrukturu yaradılır. Şuşanın tarixi-mədəni irsinin qorunması, onun beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm layihələr həyata keçirilir.

Şuşanın yenidən qurulması yalnız infrastruktur layihəsi deyil, həm də milli-mənəvi dəyərlərimizə, tarixi yaddaşımıza və gələcək nəsillərə olan məsuliyyətimizin ifadəsidir. 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi Şuşanın beynəlxalq nüfuzunun göstəricisidir.

2024-cü il mayın 11-dən etibarən keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışına başlanılması şəhərin həyatında yeni mərhələnin əsasını qoydu. Doğma yurda qayıdan sakinlərin evlərində yenidən ocaqların yanması, küçələrdə həyatın canlanması “Böyük Qayıdış”ın ən sevindirici nəticələrindəndir.

8 Noyabr – Şuşa Şəhəri Günü bizə bir daha xatırladır ki, Vətən sevgisi, milli birlik və dövlətə sədaqət xalqımızın ən böyük gücüdür. Bu günün qəhrəmanları olan şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Qazilərimizin göstərdiyi fədakarlıq, əsgər və zabitlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq.

Şuşa bizim tariximiz, mədəniyyətimiz, qürurumuz və milli kimliyimizdir. Onun azadlığı xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun rəşadətinin təntənəsidir.

Əminliklə deyə bilərik ki, Şuşa bundan sonra da Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf edəcək, öz tarixi şöhrətini qoruyacaq və gələcək nəsillərə əbədi Zəfərimizin canlı yadigarı olaraq qalacaq.

 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Paylaş