Komando Qüvvələrinin yaradılması Ordunun peşəkarlığını və qüdrətini artırmasına səbəb olur
Rəna Babayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Gigiyena və Epidemiologiya mərkəzinin direktor vəzifəsini icra edən
"Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və fədakarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür". Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə mənfur düşmənimiz olan erməni işğalçılarının əsarəti altında idi. Məhz yenilməz, Şanlı Ordumuz işğalçıların 30 il ərzində qurduqları istehkamları, “ordusunu” darmadağın edərək qələbəyə imza atdı. Dövlət başçısı beynəlxalq hüquq normalarına sadiqlik göstərərək münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla nizamlanmasına çalışıb, lakin münaqişənin hərb yolu ilə həllini də istisna etmirdi. Prezident, Ali Baş Komandan çıxışlarında “Biz nəyi nə zaman edəcəyimizi bilirik” deyirdi. Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində torpağımızın bir qismini geri alaraq düşmənə gücünü nümayiş etdirdi, ona ciddi dərs verdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük müharibədə Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərini düşməndən azad etdi. Bununla da ordumuz gücünü bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir.
Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım oldu. Belə ki, Ali Baş Komandan milli ordu quruculuğu, Silahlı Qüvvələrin modernləşməsi prosesində beynəlxalq təcrübəyə istinad etməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini formalaşdırdı. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açdı.
Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Bu gün tam əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu - Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünə qarşı ola biləcək hər bir təhdidin qarşısını ala biləcək gücə malikdir.