Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir

Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir
Günay Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin işğaldan azad edildiyi gün kimi yazıldı. Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər qərbdən Ermənistan Respublikası, şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan isə Laçın rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 3054 km2 təşkil edir. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən rayon işğal edilmişdir. BMT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayon ərazisində ermənilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması işlərinə başlanılmışdır. İkinci Qarabağ müharibəsinin ilk günlərində, döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. 10 noyabr 2020-ci il tarixində 3 tərəfli bəyanata əsasən bir güllə də atılmadan rayon Azərbaycana təhvil verildi. Bu bəyanatın tələbləri ilə Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi azad olundu. Kəlbəcərin ermənilərdən boşaldılmasında onlar eybəcər simalarını, insanlığa yaraşmayan hərəkətlərini bir daha nümayiş etdirdilər. Azərbaycan tərəfinin göstərdiyi yüksək humanistlikdən sui-istifadə edərək evləri, bağları, meşələri yandıraraq şəhəri tərk etdilər.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərancamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qələbəmizin əbədiləşməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərancamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən sərancama əsasən 25 noyabr Kəlbəcər şəhəri kimi günü müəyyən olunmuşdur. Ölkə rəhbəri bu müddət ərzində Kəlbəcərə 6 dəfə səfər edib, həyata keçirilən şəhərsalama, tikinti və yenidənqurma işləri ilə yaxından tanış olub.
4 ildi azadlığına qovuşan şəhər Qarabağın dağ turizm mərkəzlərindən biri olacaq. Böyük Qayıdış planına uyğun olaraq Kəlbəcərin baş planı iqlimi , özünəməxsusluğu, coğrafi şəraiti və tarixi nəzərə alınmaqla hazırlanıb.