Anaxanım Vəliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Ötən il I Şəhərsalma Forumu Ağdamda keçirilmişdi. Yenidən 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda II Milli Şəhərsalma Forumu keçirilib. Bu forumun Zəngilanda keçirilməsi heç də təsadüfi deyildi.
44 günlük Vətən müharibəsi dövründə torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanı, canı hesabına özümüzə qaytarıldı. Azad olunmuş torpaqlarda bərpa və quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş Zəngilan strateji əhəmiyyətinə görə daha çox seçilirdi. Yəni onun strateji əhəmiyyəti beynəlxalq əhəmiyyət kəsb edirdi. Bu region Qarabağın sıfırdan yenidən qurulan ilk bölgələrindən oldu.
Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçməklə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Amma düşmənin arzusu ürəyində qaldı. İnfrastruktur layihələri çərçivəsində çox qısa müddət ərzində tikilib istifadəyə verildi. Zəngilan Hava Limanı böyük nəqliyyat qovşağı olmaqla yanaşı təkcə ölkənin deyil, bütün regionun iqtisadiyyatında əhəmiyyətli rol oynayacaqdır.
Yenidən salınan yollar genişliyinə görə çox əlverişlidir. Zəngilandan–Qubadlıya, Qubadlıdan–Laçına çoxzolaqlı yollar çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonların tam birləşməsini təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun da inşası sürətlə aparılır. Zəngilandan keçən dəmir yolu, nəinki Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, oradan isə dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Yəni Zəngilan çox mühüm nəqliyyat mərkəzi olacaq.
Bəli, Zəngilanın coğrafi mövqeyi imkan verir ki, beynəlxalq logistika mərkəzinə çevrilsin. Zəngilanın nəqliyyat dəhlizləri üzərində yerləşməsi, Hava Limanın olması insanlar üçün asan çıxışı təmin edəcək. Dövlət başçımız cənab İlham Əliyev vurğulayıb ki, gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındadır. Misilsiz ekosistemə malik olan Zəngilan ən böyük sərvətimizdir.