İran Prezidentinin Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından müsbət strateji əməkdaşlıq üfüqləri vəd edir

Seymur Rəsulov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri
Bu gün Azərbaycan regionun güclü dövlətlərindən biridir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 2-də Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından müsbət strateji əməkdaşlıq üfüqləri vəd edir. Azərbaycanın regionda belə aktiv bir mövqe sərgiləməsi, ümumən regionun rifahı üçün əhəmiyyətlidir. Bu səfərin tarixi əhəmiyyətini və siyasi perspektivini Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ifadə etdi. Prezident vurğuladı ki, çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik.
Nəzərə alsaq ki, İran prezidenti azərbaycanlıdır, Şəhriyar şeirinin aşiqidir, onun Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda “Heydərbabaya salam” poemasından səsləndirdiyi misraların mənəvi sferada hansı atmosferi yaratdığını şərh etməyə ehtiyac qalmır.
Biz İranla yaxın qonşuyuq, bizi hətta qohumluq əlaqələri birləşdirir. Azərbaycanın varlığı, ölkəmizin qlobal dünya düzənində balanslaşdırılmış siyasət yürütməsi regionda və dünyada geosiyasi sabitliyi təmin edən əsas amildir. Bu mənada, bu səfərin tarixi əhəmiyyətini həssaslıqla dəyərləndirməliyik. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 2-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda da açıqladı, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Azərbaycan İran mədəniyyətini birləşdirən nə qədər ortaq dəyərlər, ortaq keşmiş var: “Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir”.Bu dəyərlərə söykənərək, daha perspektiv düşüncə çevrəsi yaratmaq, dövlətimizin siyasi sahədə yaratdığı harmoniya və ahəngi mədəni sferaya daşımaqla birgəliyimizə daha təməlli, daha dinamik kontekst qazandıra bilərik.