İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin tərəfdaşlığı nəqliyyat və logistika sahəsində, yükdaşımaların daha səmərəli təşkili istiqamətində də öz müsbət nəticələrini verməkdədir
Azərbaycan siyasi sabitliyin təməlini təşkil edən iqtisadi inkişafını təmin etmək üçün əməkdaşlıq və birgə fəaliyyətin önəmini göz önündə tutaraq bir sıra təşkilatlara üzv olmuş və həmin təşkilatların işində nəzərəçarpan rol oynamışdır. 1992-ci ildə daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı da bu mənada istisna kəsb etmir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə əlaqələrin inkişafı keçən müddət ərzində öz töhfəsini vermişdir. Təşkilatın bir sıra görüş və iclaslarının ölkəmizdə keçirilməsi onu göstərir ki, fəaliyyətini əsasən iqtisadi tədqiqatlar üzərindən tənzimləməyə çalışan qurum üçün Azərbaycanın mövqeyi və yanaşması önəm kəsb edir. Bakıda 2006-cı ildə 9-cu, 2012-ci ildə 12-ci Zirvə toplantılarının keçirilməsi vətən torpaqlarının işğaldan azad edilməsindən sonra belə mötəbər görüşlərin təşkili üçün yeni ünvanların yaranması ilə müşaiyət olunmuşdur. Belə ki, cari ilin oktyabr ayının 10-da qədim və gözəl şəhərlərimizdən biri olan Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirildi. Şuşa şəhərinin 2026-cı il üçün ECO-nun turizm mərkəzi kimi seçilməsi isə uzun illər ərzində işğal səbəbilə inkişafdan və tərəqqidən geri qalan ərazilərimizin canlanmasına xidmət edəcəkdir. Keçən dövr ərzində bir sıra əhəmiyyətli təkliflərin müzakirəsi və həyata keçirilməsi ilə yadda qalan görüşlərin sonuncusu bu ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində baş tutdu. ECO-nun 16-cı Zirvə toplantısında çıxış edən ölkə başçısı Prezident İlham Əliyev çoxtərəfli əməkdaşlığın təşkilat üzvü olan bütün dövlətlər üçün faydasını vurğulamaqla növbəti dövr üçün nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi istiqamətində fikirlərini ifadə etdi.
Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmiləşməsi dövlətimizin neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq gələcək üçün daha əlverişli seçimləri tədqiq etdiyini və daimi, ardıcıl inkişafın təməlində yeniliyin dayandığını təqdir etdiyini nümayiş etdirir. Quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi potensialının mövcudluğu haqqında bigilər məhz bu yanaşmanın təzahürüdür. Bu istiqamətdə aparılan işlər çərçivəsində dünyanın aparıcı yaşıl enerji şirkətləri ilə önəmli razılaşmalar əldə olunmuş və qısa zamanda ciddi irəliləyişlərin olacağı planlaşdırılır. Qeyd olunanların rəsmiləşdiyi sazişlərin icrası nəticəsində Azərbaycanda istehsal olunan bərpaolunan enerjinin həcminin 10 qiqavata çatacağı ehtimal olunur ki, bu da praqnozların sonu deyil.
Müdrik siyasət, böyük əzm və cəsarət nəticəsində 30 ilə yaxın bir müddətdə işğal altında qalan ərazilərimizin azad olunması bizim üçün milli qürur yeri olmaqla bərabər həm də o torpaqların çiçəklənməsi, dağıdılmış ərazilərin bərpası kimi vacib məsələləri aktual edir. Düşmən tapdağından xilas olunmuş şəhər və kəndlərimizin ölkə iqtisadiyyatında müsbət rolunu təmin etmək bərpaolunan enerji sahəsində də prioritet məqamlardan hesab olunur. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verilməsi qeyd olunanların ən bariz nümunəsidir. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı planlaşdırılır ki, bu da özlüyündə önəmli bir rəqəmi ifadə edir. Yaxın illər ərzində erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücünün 500 meqavat olması ehtimal olunur.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin tərəfdaşlığı nəqliyyat və logistika sahəsində, yükdaşımaların daha səmərəli təşkili istiqamətində də öz müsbət nəticələrini verməkdədir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsi üzərində çalışan Azərbaycan regional məsələrdə təşəbbüskarlığını davam etdirərək əlaqələrin şaxələnməsinə maraqlı olduğunu nümayiş etdirir. 3+3 formatında əməkdaşlıq təkilifi də Şərqdən Qərbə daha sərfəli şərtlərlə yükdaşımaların həyata keçirilməsinə şərait yaradacaqdır. Önəmli başlanğıclardan biri də Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılığın əldə olunmasıdır. Bu təşəbbüsün gerçəkləşdirilməsi region ölkələri arasındakı iqtisadi bağı möhkəmləndirməklə daha önəmli məqamlara xidmət edəcəkdir. Özbəkistan tərəfindən Fizuli şəhərində tikilib istifadəyə verilmiş məktəb və Qazaxıstanın inşasını davam etdirdiyi yaradıcılıq mərkəzi ECO çərçivəsində iqtisadi əlaqələrlə yanaşı mənəvi birliyin və dostluğun da irəlilədiyini göstərir. Bütün dünyada sülhə, inkişafa tərəfdar olan Azərbaycan üçün bu əməkdaşlıqların və təəssübkeşliyin rolu önəmlidir.