İlin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə səsləndirildiyi kimi Ağalı kəndinin sakinləri artıq bu il orada yaşayacaqlar
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 279 nömrəli məktəbin direktoru
Böyük Zəfərin təntənəsilə Qarabağda aparılan bərpa və quruculuq işləri uğurla davam edir Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.
Dövlətimizin başçısı 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Azərbaycanın Vətən Müharibəsindəki parlaq qələbəsi ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrəti və döyüş ruhunun məntiqi nəticəsi idi. Azərbaycan üçün 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbə və işğal olunmuş torpaqların qaytarılması ilə yadda qalmışdısa, ötən il daha çox işğaldan azad edilmiş torpaqlarda infrastrukturun bərpası istiqamətində aparılan fəal işlərlə yaddaşlarda qalıb. Həmçinin Azərbaycan mühüm tədbirlərdə iştirakçı olaraq və pandemiyanın nəticələrinin aradan qaldırılması üzrə təşəbbüslərlə çıxış edərək beynəlxalq arenada səmərəli fəaliyyətini davam etdirdi.
2021-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qaytarılması üçün ərazilərin minalardan təmizlənməsi, o cümlədən infrastrukturun bərpası və yenidən qurulması üzrə sistemli işlər davam etdirilib. Ən mühüm hadisə oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Bu, çox qısa müddətdə tikilib 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı göstəriş verib, yanvarın 14-də aeroportun təməli qoyulub, 8 ay sonra - oktyabrın 26-da isə onun açılışı baş tutub. Noyabrın 7-də Füzuli şəhərini Şuşa ilə birləşdirən və ümumi uzunluğu 101 kilometr olan “Zəfər yolu”nun açılışı olub. Ağdam sənaye parkının və “Araz vadisi iqtisadi zonası” sənaye parkının yaradılması istiqamətində işlərə başlanılıb, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrası davam etdirilir. Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə-yeksan edilən tarixi, mədəni və dini irsimiz bərpa olunur.
Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin məhz zəfər və quruculuq ili olan 2021-ci ilin ardınca 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamı bir dahadövlət başçısının qətiyyətinin və uzaqgörənliyinin nəticəsidir. Belə bir Sərəncam, əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Bu baxımdan ki, Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində xüsusi yeri var.
Azərbaycanda Şuşa kimi ikinci bir şəhər yoxdur ki, hamını eyni dərəcədə özünə çəksin və insanların milli ruhuna və milli heysiyyatına təsir edə bilsin. Buna görə də Şuşanın təməlinin qoyulmasının 270 illiyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci ili «Şuşa İli» elan etməsi ölkə vətəndaşlarının ürəyincə oldu. Prezidentin bu qərarı tarixi, siyasi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir və bir neçə strateji hədəfə çatmağa hesablanıb. İlk növbədə məqsəd Qarabağın tarixini dünya ictimaiyyətinə yeni çalarlarla çatdırmaqdır.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, hər bir bölgənin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları nəzərə alınaraq, müvafiq iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə ayrı-ayrı sahələr üzrə dövlət–özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, xüsusi güzəştli iqtisadi rejimin tətbiqi nəzərdə tutulur. Bütün bu quruculuq işləri, sosial infrastrukturun yaradılması və məşğulluğun təminatı istiqamətində görülən işlər bu ərazilərdə məskunlaşmanın yaxın zamanlarda başlayacağı nikbin proqnozlar verməyə möhkəm zəmin yaradır.
Dövlət başçısı İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi kimi Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bəli, neçə illər işğalda qalan, dağıdılan yurdumuz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq, amma erməni vandallığı, barbarlığı heç vaxt unudulmayacaq. Prezident İlham Əliyev tərəfindən tarixi nailiyyətlərimizin şərhi və gələcək hədəflərə dair konkret istiqamətlərin müəyyənləşdirilməsi bir daha onu göstərir ki, güclü Azərbaycan dövləti bundan sonra da uğurla, inamla inkişaf edəcəkdir