Məqsəd müasir və güclü ağır sənaye infrastrukturunun qurulmasıdır
Murad Arzu
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
"Suraxaı OYL" Əməliyyat şirkətinin 2 saylı NQÇS-nin geoloji işlər üzrə rəis müavini
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi təkcə zəngin yeraltı resursların hasilatı ilə kifayətlənmir, daha böyük iqtisadi hədəflərə xidmət edir. Bu sahədə dövlətin əsas prioriteti xammalın ölkə hüdudları daxilində son mərhələyə qədər emal edilməsi, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsulların istehsalı, müasir sənaye müəssisələrinin qurulması və ölkənin qeyri-neft ixracı imkanlarının maksimum dərəcədə genişləndirilməsidir.
Bu strateji hədəflərin reallaşdırılması üçün həm dövlətin maliyyə və idarəetmə resurslarından, həm də özəl sektorun geniş potensialından istifadə olunması, habelə yerli və xarici investisiyaların sahəyə fəal şəkildə cəlb edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev öz çıxışında dağ-mədən sənayesindəki köklü islahatlara toxunaraq xüsusi vurğulamışdır ki, fəaliyyət sahəsi sadəcə faydalı qazıntıların çıxarılması ilə məhdudlaşmamalıdır.
Filizin zənginləşdirilməsindən başlayaraq son sənaye məhsulunun istehsalına qədər olan tam istehsal zəncirinin qurulması əsas vəzifədir. Dövlət xətti ilə icra olunacaq irimiqyaslı layihələrdə “AzerGold” QSC aparıcı lokomotiv qurum rolunu oynayacaq, eyni zamanda iş adamları və beynəlxalq investorlar üçün əlverişli tərəfdaşlıq mühiti təmin ediləcəkdir.
Prezidentin çıxışında böyük sənaye strategiyasının uğurla həyata keçirilməsində iki regional layihənin rolu xüsusilə önə çəkilir. Strateji baxımdan müstəsna əhəmiyyət daşıyan bu yatağın istismara verilməsi üçün hazırda intensiv hazırlıq işləri aparılır. Layihənin hərtərəfli texniki-iqtisadi əsaslandırması başa çatdıqdan sonra yekun investisiya qərarı qəbul ediləcək və ərazidə genişmiqyaslı hasilat-emal işlərinə start veriləcək.
Müasir və güclü sənaye infrastrukturunun qurulması məqsədilə yaradılan bu mərkəzdə fundamental layihələr icra olunacaq. Daşkəsəndə dəmir filizinin hasil olunması ilə yanaşı, onun yerindəcə saflaşdırılması üçün zənginləşdirmə fabriklərinin, eləcə də metallurgiyanın əsas xammalı hesab olunan pelet və briketlenmiş dəmir istehsalı müəssisələrinin qurulması planlaşdırılır.
Həyata keçirilən bu köklü islahatlar və yeni sənaye strategiyası Azərbaycanın qeyri-neft sektorunun dayanıqlı inkişafı üçün güclü zəmin yaradır. Dövlət xətti ilə idarə olunan irimiqyaslı layihələrin özəl investisiyalarla sinerjisi təkcə regionların iqtisadi potensialını hərəkətə gətirməyəcək, həm də ölkəmizin qlobal metallurgiya bazarında xammal ixracatçısından yüksək keyfiyyətli son məhsul tədarükçüsünə çevrilməsini təmin edəcəkdir. Bu regional mərkəzlərin işə düşməsi həm yeni iş yerlərinin açılması, həm də Azərbaycanın sənaye müstəqilliyinin daha da möhkəmlənməsi deməkdir.