İlham Əliyevin 2003 - cü ildən başlayan Prezidentliyi dövründə apardığı məqsədyönlü və ardıcıl fəaliyyətə diqqət yetirəndə ildən ilə müsbətə doğru irəliləyişi aydın görmək olur

İlham Əliyevin 2003 - cü ildən başlayan Prezidentliyi dövründə apardığı məqsədyönlü və ardıcıl fəaliyyətə diqqət yetirəndə ildən ilə müsbətə doğru irəliləyişi aydın görmək olur
Səadət Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 327 №-li tam orta məktəbin direktoru

Dövlət siyasəti dövlətçilik ənənələrinin inkişafı fonunda formalaşan və ali təşkilatın gələcəyə yönəlmiş planlarının həyata keçirilməsi məqsədi ilə aparılan işlərin məcmusudur. Suverenliyimizə qovuşduğumuz dövrdən etibarən müstəqil və səmərəli idarəetmənin nə qədər əhəmiyyətli olduğunu daha dərindən anladıq. Ölkənin inkişafı, xalqın rifahı baxımından iqtisadi gücü artırmağın vacibliyi də aydın bir fakt kimi özünü göstərdi. Bütün bunları nəzərə alan ölkə başçısı İlham Əliyevin 2003-cü ildən başlayan prezidentliyi dövründə apardığı məqsədyönlü və ardıcıl fəaliyyətə diqqət yetirəndə ildən ilə müsbətə doğru irəliləyişi aydın görmək olur. Regionda baş tutan böyük iqtisadi layihələrdə ölkəmizin aparıcı rola malik olması məhz düşünülmüş və əzmkar çalışmaların nəticəsi kimi qiymətləndirilməlidir.

 2018-ci ilin 11 aprel tarixində Azərbaycan Respublikası Prezidenti postuna keçirilmiş sayca 8-ci rəsmi seçkidə İlham Əliyevin 86, 02 faizlə səs çoxluğunu qazanması məhz həmin vaxtadək görülmüş işlərin xalq tərəfindən təqdir olunmasının göstəricisidir. Prezident olduğu zaman ərzində ümumi daxili məhsulun 3,2 dəfə, büdcə gəlirlərinin 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatlarının 26,6 dəfə artması ölkənin sosial siyasətinə müsbət təsirini göstərməklə bərabər müdafiə gücünü də dəfələrlə artırmışdır.

Xarici siyasətdə dövlətimizin və xalqımızın bir hədəfə köklənmiş istəklərinin gerçəkləşməsi, milli mənafeyimizə xidmət edən addımların atılması üçün iqtisadi qüdrətin əhəmiyyətini düzgün qiymətləndirən uzaqgörən lider etibarlı tərəfdaşlarla səmərəli iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində böyük işlər görməyi bacarmışdır. Hakimiyyətdə olduğu müddətdə neft-qaz sektorunda əldə olunmuş nailiyyətlərə misal olaraq 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tibilisi-Ceyhan neft kəmərini, Azərbaycanı qaz ixrac edən ölkəyə çevirən Bakı-Tibilisi- Ərzurum qaz kəmərini göstərmək olar. 2018-ci ilin mayında Bakıda “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması, həmin ilin iyun ayında isə Əskişəhərdə Trans Anadolu (TANAP) qaz boru kəmərinin açılışına nail olunması düşünülmüş fəaliyyətin vacib məqamları kimi qiymətləndirilməlidir. Dünyada baş verən dəyişikliklər fonunda ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılğının azaldılmasını yeni hədəf olaraq irəli sürən iqtisadi siyasəti ilə zamanın nəbzini tutmağı bacaran İlham Əliyev sahibkarlara güzəştli kreditlərin verilməsinə göstəriş vermişdir. 2003-2018-ci illərdə bu kreditlərin miqdarı 2 milyard manatdan çox olmuşdur. Bütün bunlarla yanaşı aparılan faydalı fəaliyyət nəticəsində 30 dan çox elektrik stansiyasının tikilməsi sayəsində Azərbaycan elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Yol və nəqliyyat infrasrukturunun yaxşılaşdırılması istiqamətində davamlı işlər aprılmışdır.

Kənd təsərrüfatının inkişafına qayğı göstərilmiş, su təminatı ilə bağlı tədbirlər həyata keçirilmişdir. Ölkənin hərbi qüdrətinin yüksəldilməsi məqsədi ilə sistemli tədbirlər həyata keçirilmişdir. Prezidentliyi dövründə apardığı vacib islahatlar, doğru fəaliyyət istiqaməti son nəticədə milli maraqların təmin olunması üçün zəmin yaratmışdır. Sadalananların məntiqi nəticəsi olaraq liderinə arxalanan xalq onun rəhbərliyi ilə haqqını döyüş meydanında tələb edərək işğal altında olan Azərbaycan ərazilərinin düşmən taptağından xilas olunmasına müvəffəq olmuşdur. Budur xalq-dövlət birliyi, vətəndaş həmrəyliyi!

 2020-ci ildə 44 günlük müharibə nəticəsində əldə olunmuş şanlı zəfər ölkənin gələcək inkişafı üçün yeni istiqamətlər müəyyən etmişdir. Bu gün öz liderinə həmişəkindən də artıq inanan xalq yalnız yüksək tərəqqi, daimi inkişaf barədə düşünür. Gələcəyə nikbin notlarla köklənmiş millətimizin qələbə əsrində yeni üfüqlərə doğru cəsarətlə addımlayacağına heç bir şübhə yoxdur.