Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olmuşdur. Xalqlarımız arasında etnik və dini bağlılıq qarşılıqlı münasibətlərimizin təməlini təşkil edir. 22 avqust 2023-cü ildə qardaş Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəmizə işgüzar səfərə gəlmişdir. Səfərin çox mühüm özəlliyi vardır. Belə ki, məhz Şavkat Mirziyoyevin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli rayonunda böyük bir məktəb kompleksi inşa edilmişdir. Məktəb böyük fateh Əmir Teymurun nəvəsi, görkəmli elm və dövlət xadimi Uluqbəyin adını daşıyır. Məktəbin açılışında iki qardaş ölkənin rəhbərliyi iştirak etmişdir. Məktəb ən son yeniliklərlə təchiz edilmişdir. Məktəbin istifadəyə verilməsinin başqa böyük önəmi də var. Belə ki, Qarabağda ilk dəfə xarici bir dövlət tərəfindən hər hansı bir obyekt inşa edilib istifadəyə vermişdir.
Özbəkistanla Azərbaycan arasında diplomatik əlaqələr 1995-ci ildən başlasa da, tarixi əlaqələrimiz əsrlər əvvələ dayanır. Elm,mədəniyyət, iqtisadi əlaqələr çoxşaxəli olmuşdur. Təsadüfi deyil ki, dahi özbək şairi Əlişir Nəvai öz yaradıcılığında Nizami Gəncəvinin “Xəmsə”-sindən bəhrələnmişdir. Azərbaycan alimi Yusif Qarabağinin məzarı Səmərqənddə yerləşir. Ölkələrimizin tarixi İpək yolu üzərində yerləşməsi əlaqələrin inkişafına böyük təsir göstərmişdir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması iki ölkənin əlaqələrinə daha da təkan verəcək.
Şavkat Mirziyoyevin prezident seçilməsi ilə ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf etmişdir. Təsadüfi deyil ki, Ş.Mirziyoyev ilk dövlət səfərini Azərbaycana etmişdir. Qarşılıqlı səfərlər həm ikitərəfli, həm də türk dünyasının inkişafına müsbət təsir göstərmişdir. Səfər çərçivəsində Ali Dövlət Şurasının yaradılması qərara alınmışdır. Müxtəlif sahələri əhatə edən sazişlər imzalanmışdır.
Son illər cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin inkişafı böyük təkan vermişdir. Azərbaycan türk dünyasının mərkəzində yerləşən ölkə kimi birləşdirici rol oynayır. Bunu dərk edən İlham Əliyev türk dövlətləri arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verir!