İlahə Niyazova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
Qədim Atropatena və Albaniya kimi dövlətlərin yadigarı olan Azərbaycan elə o vaxtdan qonşu dövlətlərin diqqət mərkəzində olmuşdur. Çünki 11 iqlim qurşağının 9-u, beynəlxalq ticarət mərkəzi olan şəhərlərin bir çoxu məhz bu diyarda yerləşirdi. Təəccüblü deyildir ki, bu səbəbdən yurdumuz daim işğalçı yürüşlərlə talan edilmiş və nəhayət, Sovet imperiyasının maddi və mənəvi təcavüzünə məruz qalmışdır. Bu işğalçılıq siyasətindən uzun müddət əziyyət çəkən mədəni mərkəzlərimizdən biri də Naxçıvan Muxtar Respublikası olmuşdur. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sosial bağlantı kəsilmişdir. Həmin dövrdən Rusiyanın əlaltısı olan ermənilərin də Naxçıvan üçün xüsusi planları var idi. Belə ki onlar ta əzəldən Naxçıvan və İrəvan xanlıqlarını birləşdirib özləri üçün qondarma Ermənistan dövləti yaratmaq niyyətində idilər. Nəhayət, Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı rəhbərliyi illlərində onların bu niyyətlərinə birdəfəlik son qoyuldu və Naxçıvan öz ərazi sərhədlərini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi, Naxçıvan faktiki olaraq mühasirədə idi və 15 il bu şəraitdə yaşadı. Yalnız 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış müqaviləyə əsasən, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir.
Bütün bu çətin vəziyyətlərdə Türkiyə Cümhuriyyəti daim ölkəmizin, soydaşlarımızn yanında olmuşdur. Hazırda “Bir millət, iki dövlət” şüarı altında əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün müxtəlif istiqamətdə işlər görülür. “Şuşa Bəyannamə” si bu münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir. Mədəniyyət mərkəzi olan Şuşada imzalanmış bu bəyannamə Türk-Azərbaycan müttəfiqlik münasibətlərini yeni müstəviyə qaldırdı. Təsadüfi deyildir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyası iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkəmizin maraqlarını ifadə fikirlər səsləndirilmiş, bu fikirlər Azərbaycanın siyasi nüfuzunu artırmışdır. Dünya dövlətləri türk qardaşlığının beynəlxalq çərçivədə şahidi olmuşlar. Həmçinin İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin daim ölkəmizin yanında durması, onun haqq və hüquqlarının müdafiəçisi kimi çıxış etməsi faktını danmaq qeyri-mümkündür.
Türkiyə və Azərbaycan dostluq münasibətləri tarixində önəmli hadisə olan İğdır-Azərbaycan qaz kəmərinin çəkilişi isə bu əlaqələri möhkəmlənməsində yeni bir təkandır, həmçinin məqaləmizin əvvəlində qeyd olunmuş Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin edilməsinə istiqamətlənmişdir. Cari ilin 25 sentyabr tarixində Naxçıvanda Azərbaycana səfəri ilə bağlı bəyanatında Türkiyə Prezidenti R.T.Ərdoğan bir sıra vacib amilləri vurğulamışdır. Bu qədim Azərbaycan diyarının maddi rifahının yaxşılaşdırılması üçün Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir. Həmin layihə çərçivəsində burada günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Belə ki, burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.
44 günlük şanlı zəfər tarixi ilə Azərbaycan öz suverenliyi üzərinə kölgə salan bütün düşmənlərdən xilas oldu. Əgər üç il bundan əvvəl II Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan- Ermənistan sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa edib, sentyabrın 19-da milli suverenliyimizi əldə etdik. 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu və ölkəmiz tərəfindən qoyulmuş şərtləri qəbul etdi. Artıq Azərbaycandan onun Qarabağ bölgəsinə , orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməyə başlamışdır. Yanacaq, dərman preparatları və digər humanitar yardımlar bu qəbildəndir. Qeyd etdiyimiz faktlar göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.