İdmançılarımız müzəffər ölkəni, qalib xalqı təmsil edirlər

İdmançılarımız müzəffər ölkəni, qalib xalqı təmsil edirlər

Nəzrin Heydərli

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin müəllimi

Bildiyimiz kimi aprel ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Təqdirəlayiq haldır ki, bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında 16 medal qazanmış güləşçilərimiz bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmış, bir daha xalqımızı sevindirərək, böyük qələbə ilə Vətənə qayıtmışlar. Avropada birinci olan, xalqımıza böyük qələbəni, böyük nailiyyəti qazandıran, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandamızın idmançıları arasında bir nəfər xanım idmançımız da özünəməxsus yer tutur. İdmançılarımız qazandıqları medallarla Azərbaycan xalqının son vaxtlar qazandığı uğurlara uğur qatdılar.

Keçirilən görüşdə möhtərəm Prezident vurğulamışdır ki, Azərbaycan güləşçiləri bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Bəli, həqiqətən belədir! Güləşin xalqımıza xas olan çox böyük ənənələri vardır və bu gün də idmançılarımız bu ənənələri yaşadırlar. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimiz və eyni zamanda, idman uğurlarımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənablarının Azərbaycan idmanına və idmançılarına göstərdiyi bitməz-tükənməz qayğısı və diqqəti nəticəsində idmançılarımız son illər müqəddəs bayrağımızı şərəflə yüksəklərə qaldırırlar.

Müdrik Prezidentimizin təbirincə desək, “Həqiqətən də Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər”. Bu gün dünyanın hər hansı coğrafi ərazisində 44 gün ərzində böyük tarixi qələbə qazanmış qəhrəman xalqı məğrurcasına təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə apardı.

Gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunmasında biz müəllimlər böyük məsuliyyət daşıyırıq. Biz müəllim ordusu da bu işdə Ali Baş Komandanın əsgərləri olmalıyıq. Öz bilik və bacarıqlarımızı səfərbər edərək, gənc nəsli milli ruhda, milli dəyərlər əsasında, vətənpərvərlik ruhunda tərbiyə etmək üçün əlimuizdən gələni əsirgəməməliyik. Hər bir Azərbaycan vətəndaşı - istər hərbçi, istər idmançı, istər siyasətçi, istərsə də hər hansı bir sahənin mütəxəssisi olaraq öz əməyi ilə ölkəmizi inkişaf etdirməli, onun qüdrətini ucaltmalıdır. Dünyada nadir ölkələrdənik ki, öz müqəddəratımızı özümüz müəyyən və həll edir, öz siyasətimizi istər döyüş meydanlarında, istərsə də siyasi arenalarda müstəqil şəkildə yürüdürük. Biz, Azərbaycanımıza böyük qələbələr qazandıran vətəndaşları yetişdirən, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər bu işdə daha məsuliyyətli olmalıyıq.