Həmrəylik ruhunu yaşatmaq, gələcək nəsillərə ötürmək hər bir gəncin məsuliyyəti və borcudur

Həmrəylik ruhunu yaşatmaq, gələcək nəsillərə ötürmək hər bir gəncin məsuliyyəti və borcudur

Zeynəb Əlizadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin əməkdaşı

31 Dekabr bizim üçün sadəcə bir tarix deyil. Bu gün dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ürəyimizin eyni Vətən üçün döyündüyünü xatırladan xüsusi bir gündür. Bu gün bizi birləşdirən dilimiz, tariximiz, mədəniyyətimiz və ən əsası – Azərbaycan sevgimizdir.

44 günlük Vətən müharibəsi zamanı bu birliyin nə qədər güclü olduğunu bütün dünya gördü. Hər bir azərbaycanlı istər ölkə daxilində, istərsə də xaricdə eyni hisslərlə yaşadı. Eyni duaları etdik, eyni Zəfərə inandıq. Ordumuza verilən mənəvi dəstək, haqq səsimizin dünyaya çatdırılması milli həmrəyliyimizin canlı nümunəsinə çevrildi. O günlər bizə bir daha göstərdi ki, biz bir olanda daha güclüyük. Birliyimiz yalnız müharibə günlərində deyil, bu gün də, sabah da Azərbaycanın gələcəyi üçün ən böyük dayağımızdır.

Həmrəylik Günü bizə kim olduğumuzu, haradan gəldiyimizi və hansı dəyərləri qorumalı olduğumuzu xatırladır. Həmrəylik ruhunu yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir gəncin məsuliyyəti, borcudur. Bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edir, Vətənimizə daim sülh, xalqımıza isə birlik və həmrəylik arzulayırıq.