Həmrəylik günü milli birlik, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir

Həmrəylik günü milli birlik, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir
İlhamə Şirinova

YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik günü heç də təsadüfi tarix deyil. Bu günün bayram kimi qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə çevrilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il ilin dekabrında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyulub. Bu tarixin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi milli həmrəylik və milli birlik gününün təsis olunması barədə qərar qəbul etdi. Daha sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin azərbaycanlıların həmrəylik günü olması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması tarixi proses və taleyin gərdişi  üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi vətənlə- Müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə həmçinin, onların bir-biri ilə sıx ünsiyyət qurmalarına, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək  dünya azərbaycanlıları arasında bilik və həmrəyliyi  təmin etmək məqsədi ilə 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının 1-ci qurultayı keçirilib. Qurultayda çıxış edən Ümummilli liderin qeyd etdiyi “ Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də edirəm ki, mən azərbaycanlıyam” kəlamı hərbir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.Prezidenti İlham Əliyev çıxışında "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deyib.