Heydər Əliyevin “Qanunun aliliyi” əməl etmək prinsipi bu gün də uğurla davam etdirilir
İmmi Ələkbərova
3 saylı doğum evinin baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
15 iyun 1993-cü il tarixində xalqımızın təkidi ilə Azərbaycanda növbəti dəfə siyasi hakimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sürətlə qüdrətlənən ölkəmizdə bütün, o cümlədən hüquq sahəsində əsaslı islahatların aparılmasına rəvac verdi.
18 oktyabr 1993-cü il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitutsiya aktının 4-cü maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edilmişdir.
Bu sahədə reallaşdırılan islahatlarda 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanı müstəsna əhəmiyyət kəsb etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitutsiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu illə qəbul edilməsinə təşəbbüsü və rəhbərliyi olmuşdur. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitutsiyası ölkənin gələcək inkişaf priotetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti qanunçuluğunun təməlini qoymuşdur.
21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu Komissiya inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən bəhrələnərək xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla xeyli mühüm iş gördü. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.
Ulu öndərin Prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı vəzifələri müəyyənləşdirərkən dediyi dəyərli kəlamları xatırlamaq yerinə düşər: “Əsas məqsədimiz Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir”.
“Qanunun aliliyi” prinsipinin təmin olunması ilk dövrün mütləq prioteti olmuşdur.