Ağdamda bərpaolunan enerji potensialları böyükdür

Ağdamda bərpaolunan enerji potensialları böyükdür
Dadaş Əliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin direktoru

Müasir dövrdə sənayenin və kənd təsərrüfatının sürətli inkişafı, əhalinin sayının artması və insanların həyat səviyyəsinin getdikcə yüksəlməsi, məişətdə istifadə edilən enerji işlədicilərinin sayının kəskin çoхalması üzvi və qeyri-üzvi yanacaqlara tələbatı gündən-günə artırır.

  Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Bilirik ki, respublikamız enerji resursları ilə zəngin bir ölkə olmaqla yanaşı dünyada enerji ixracatçısı kimi tanınır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi olub. Proqramın qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində köklü dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.


Bu məqsədlə Azərbaycan 10 iyun 2009-cu il tarixində yeni yaradılmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə qoşulub. 10 noyabr tarixində isə Sənaye və Energetika Nazirliyinin Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsis edilməsi barədə fərman imzalanıb. 3 may 2021-ci il tarixində AR Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn tapşırıqların icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyanın və Baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSCO” şirkəti arasında müqavilə imzalanmışdır.

Müvafiq dövr ərzində müqavilə çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilmiş və bunun nəticəsi olaraq “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanmışdır. Konsepsiyada müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin inkişaf modelləri hazırlanmış, ümumi daxili məhsulun artım tempi və əhalinin məskunlaşması ssenarilərinə uyğun enerji tələbatı proqnozlaşdırılmış və müxtəlif enerji təchizatı variantları qiymətləndirilmişdir. Eyni zamanda, Baş planın hazırlanması istiqamətində də işlər davam etdirilir.

 “Yaşıl Enerji Zonası”nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur.

İlkin müşahidələr nəticəsində əlverişli günəş radiasiyanına malik müvafiq ərazilər müəyyən edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə - xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması, ilkin araşdırmalara əsasən müəyyən edilmişdir.

Təhlillər bu ərazilərdə külək enerjisi potensialının 2000 MVt ətrafında olmasını göstərir. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə  müvafiq elmi araşdırmalar aparılmışdır. Geotermal enerjidən əsasən elektrik enerjisi istehsalı, istilik enerjisi təminatı və turizm-balneoloji məqsədlər üçün istifadə edilir. İlkin təhlillər göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində geotermal mənbələr var. İlkin müşahidələrə əsasən, bu potensialdan müvafiq olaraq istilik təminatı və balneoloji məqsəd üçün istifadə daha məqsədəuyğundur.

Prezident İlham Əliyev Ağdamda Milli Şəhərsalma Forumunda çıxışı zamanı dediyi kimi bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. Bizim burada işğal dövründə məhrum olduğumuz geniş su ehtiyatlarımız var. Çünki ermənilər təkcə bizim şəhərlərimizi işğal etməmişdilər, onlar bizim ehtiyatlarımızı da işğal etmişdirlər. Qanunsuz olaraq dağ-mədən işləri aparılırdı, bizim suya çıxışımızı kəsən qanunsuz işlər görülürdü və biz yüz minlərlə hektar torpağı suvara bilmirdik. İndi biz çaylarımıza, torpağımıza qayıtmışıq. Bütün şəhərlərin Baş planları aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanmışdır və təsdiqlənmişdir.