Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi
Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi
Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.
Azərbaycan xalqının son birəsrlik tarixini ordusuz təsəvvür etmək mümkünsüzdür. Bu bir əsrdə iki dəfə müstəqil dövlətini qurmuş Azərbaycan xalqı ötən dövr ərzində ciddi sınaqlarla qarşılaşsa da, mövcud olan çətinliklərin öhdəsindən özünəxas iradə ilə çıxaraq dünya xalqları arasında layiqli yerini tutmuşdur.
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır.
Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır.
Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan ordusu döyüş hazırlığına görə MDB məkanında Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan tarixinə qələbə səhifəsi yazmış cənab Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.
Sonda Azərbaycanlılar haqqında məğlub xalq sindiromunu sındıraraq, tarixə qızıl hərflərlə Qalib Xalq olaraq yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazi yoldaşlarıma şəfa diləyirəm.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandanımız və müzəffər Ordumuz!”.